Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Shacman" markalı iki yük avtomobilinin toqquşması nəticəsində qəzanın baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1983-cü il təvəllüdlü Xaləddin Sədrəddin oğlu İmanovu xilas ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.