Macarıstanın hökumət başçısı olacaq Peter Madyar Avstriya və digər qonşu dövlətlərlə tərəfdaşlığı dərinləşdirərək Mərkəzi Avropanın nüfuzunu artırmaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri yayımlayıb.
Bildirilib ki, siyasətçi bu addımın regionun Brüsseldəki statusunu daha da möhkəmləndirəcəyini düşünür.
"Madyar öz strategiyasını dövlətin imperiya tarixinə və qüdrətli iqtisadi potensialına bağlayır. O, əsasən Avstriya ilə əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetirir və bu istəyini iqtisadi, mədəni, eləcə də tarixi amillərlə əsaslandırır", - deyə mətbuat orqanları qeyd edir.
Siyasətçi eyni zamanda Vişeqrad Qrupunun Slavkov formatı ilə inteqrasiya olunmasını irəli sürür və bu təşəbbüsün bütün tərəflər üçün səmərəli olacağı qənaətindədir.
Madyarın sözlərinə görə, bu yanaşma hər iki tərəfin mənafelərinə xidmət edir və qısa müddətdə müsbət nəticələr verə bilər.
Qeyd edək ki, o, bundan öncə Kiyevə veriləcək 90 milyard avroluq maliyyə paketinə tətbiq edilən vetonun aradan qaldırılması üçün müəyyən şərtlər irəli sürmüşdü. Təhlilçilər isə siyasətçinin bu mövqeyini Brüssel üçün xoşagəlməz bir siqnal olaraq şərh ediblər.