Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərə zəruri tibbi xidmət göstərilib:
"Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar dekabr ayının 7-si saat 14:00-da dörd nəfər (üç qadın, bir kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Yevlax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Şamilsoy, Goranboy rayon sakinləri, 2006-cı il təvəllüdlü Aytac Bayramova, 1985-ci il təvəllüdlü Amilə Gülmalıyeva və 1953-cü il təvəllüdlü Füruzə Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar, faktla bağlı araşdırma aparılır.