Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində beş nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd edilir ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə beş nəfər (qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1990-cı il, 1985-ci il, 1977-ci il, 1966-cı il təvəllüdlü şəxslərə alının açıq yarası, diz oynağının əzilməsi, 1971-ci il təvəllüdlü şəxsə isə sağ körpücüyün qırılması diaqnozları təyin olunub.
Xəsarət alanlara dərhal zəruri müayinələr təyin olunub, tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olduğundan onlar ambulator müalicə üçün evə buraxılıblar".
Bakının Biləcəri qəsəbəsində sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı bəzi detallar məlum olub.
Marşrutun məxsus olduğu "Çinar-Trans" şirkətindən Oxu.Az-a verilən məlumatına görə, hadisə nəticəsində avtobusda olan sərnişinlər yüngül xəsarət alsalar da, xəstəxanaya müraciət edən olmayıb.
"Qəzaya uğrayan avtobus 2022-ci il istehsalıdır və Bakıya yeni gətirilib. Sürücünün dediyinə görə, avtobus dayanacaqda olarkən, nəqliyyat vasitəsində qəfil nasazlıq yaranıb və sürət həddini artırıb. Hadisə zamanı avtobus yaxınlıqdakı bir neçə avtomobilə dəyib, sonra isə gül dükanına çırpılıb. Hadisə vaxtı avtobusda olan sərnişinlər yüngül xəsarət aldığından xəstəxanaya getməyə ehtiyac olmayıb. Hazırda araşdırma aparılır. Hələ ki sürücünün qayda pozub-pozmadığı müəyyən edilməyib. Araşdırmadan sonra hadisənin səbəbi məlum olacaq".
Samir Əli
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ağsaray dairəsi adlanan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sərnişin avtobusu gül dükanına çırpılıb. İlkin məlumata görə, həmin vaxt avtobusda texniki nasazlıq olub və sürücü onu saxlaya bilməyib. Nəticədə, qəza baş verib.
Avtobusun sürücüsü hadisə ilə bağlı Baku TV-yə aşağıdakıları deyib:
"Maşını dayanacaqda saxladım, düşdüm. Ətrafa baxdım, dəqiqə yarım vaxtımız var idi. Yenidən maşına oturdum, sürdüm, 11-13 metr məsafə gedəndə gördüm ki, sürət artıb. Burada da camaat dayanmışdı. Məcbur qaldım, camaatın üstünə sürmədim. 13 metrlik məsafədə mən nə qədər də qaz verib, özümü itirsəm, o sürəti yığa bilmərəm. Deməli, maşında texniki nasazlıq olub. Beyni qarışıb.
Avtobusda 19 nəfər sərnişin var idi. Heç kimə heç nə olmayıb. Amma ayna sınıqlarından bir xanımın çənəsində balaca cızıq var idi. Avtobus üç maşına dəyib, onlar da qeyri-qanuni yerlərdə saxlamışdılar. Onlar orada saxlamasaydılar, bəlkə də bir az başqa cür olardı", - deyə sürücü vurğulayıb.
Daha ətraflı videomaterialda:
Bu gün axşam saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib.
Oxu.Az hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, ilkin məlumata görə, Habil Səfərəli oğlu Nəsirovun idarə etdiyi, 77-JD-819 dövlət qeydiyyat nişanlı "İsuzu" markalı sərnişin avtobusu Faiq Hüseynəli oğlu Axundovun idarə etdiyi, 99-AL-242 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili ilə toqquşub.
Toqquşmadan sonra yol kənarındakı daha 3 avtomobilə dəyən avtobus gül dükanına çırpılıb.
Nəticədə, "Hyundai" markalı minik avtomobilinin sürücüsü Faiq Hüseynəli oğlu Axundov xəsarət alib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün axşam saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsində marşrut avtobusunun iştirakı ilə qəza baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, marşrut avtobusu bir neçə maşınla toqquşub. Daha sonra isə yol kənarında olan obyektə çırpılıb.
Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.
Xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
@tv.oxu Bakıda avtobus ağır qəza törədib obyektə çırpıldı: Xəsarət alanlar var. #Qəza #Biləcəri #Oxuaz
♬ original sound - oxu.az