Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alan sürücünün vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 8-də saat 07:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Ələt-Astara avtomagistralından yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Döş qəfəsinin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda bildirilir.
Bakı-Qazax yolunda baş verən qəzada sürücü xəsarət alıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Bildirilib ki, hadisə bu gün səhər saat 07:00-da Bakı-Qazax yolunun 39-cu kilometrliyində qeydə alınıb.
"Nicat Nizami oğlu Sadıqov idarə etdiyi BYD markalı, 77-QL-472 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirib və nəticədə onu maneəyə çırpıb. Hadisə nəticəsində sürücü xəsarət alıb", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Bu gün səhər saatlarında Bakı-Qazax magistralının Qaradağ rayonu, Səngəçal qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, BYD markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə metal arakəsmələrə, sonra işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobil tamamilə yararsız hala düşüb.
Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.