Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 9-u, saat 16:30-da 1989-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
"Bədənin II-III dərəcəli yanığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Gəncə şəhəri ərazisində yaşayış binasında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib.
Qurumdan bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.
Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Elnur Nazim oğlu Qurbanov və 1963-cü il təvəllüdlü Zərinə Abuzər qızı Nağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib.