Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində güclü külək nəticəsində qırılan ağaclar ərazidən təmizlənir.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib.
Qeyd olunub ki, hazırda birliyin operativ qrupu tərəfindən küləyin fəsadları aradan qaldırılır.
"Güclü külək nəticəsində aşan ağacların ərazidən təmizlənməsi üçün hazırda sözügedən ünvanda lazım olan bütün müvafiq tədbirlər görülür", - deyə məlumatda bildirilib.
"Binəqədi rayonu, Biləcəri qəsəbəsində güclü küləyin təsiri ilə ağacların aşması nəticəsində bəzi elektrik xətlərində problemlər meydana gəlib".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən verilib.
Qeyd olunub ki, qəsəbədəki Əhməd Qasımov küçəsi ilə yanaşı, bir neçə ərazidə də hazırda elektrik verilişinin bərpası istiqamətində müvafiq işlər görülür.
"Hazırda əməkdaşlarımız ərazidə həm qırılan ağacları təmizləməklə, həm də qırılan xətləri bərpa etməklə məşğuldurlar. Artıq əksər hissələrə elektrik enerjisinin verilişi bərpa olunub. Yaxın dəqiqələrdə elektrik enerjisinin verilişi tam bərpa ediləcək", - deyə məlumatda qeyd olunur.
Əzizə İsmayılova
Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan irigövdəli ağac yüksəkgərginlikli elektrik xəttinin üzərinə aşıb.
Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.
Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.