Sabunçu rayonunun Bakıxanov qəsəbəsində villada baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, həyatını itirən şəxs həmin villada usta işləyən 43 yaşlı Yadigar Məmmədovdur.
Mərhum əslən Lənkəran rayonundan imiş.

Bakıxanov qəsəbəsində baş verən partlayışda xəsarət alanlardan biri ölüb.
Bu barədə Oxu.Az-a Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
"Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Məhərrəm Əliyev
Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayışda xəsarət alanlarla bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəsarət alan şəxslər villada işləyən ustalar olublar.
Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayışla bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, partlayış dördmərtəbəli villanın birinci mərtəbəsində yerləşən hovuzda baş verib.
İlkin versiyaya görə, hovuzun altından keçən qaz xəttində sızma olub.



Samir Əli
Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 9-da saat 10:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Sabunçudakı partlayışla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək", - qeyd edilib.
Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Siyavuş Məhərrəmov küçəsində (72 saylı məktəbin yaxınlığı) baş verib.
Hadisənin qazsızmadan baş verdiyi bildirilir.