Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində torpaq sürüşməsi baş verib. Nəticədə, bu istiqamətdə yerləşən təxminən 25 kəndlə əlaqə kəsilib.
Hazırda aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar və fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
"Əhalinin gediş-gəlişi çətinləşib. Hədsiz dərəcədə çox sürüşmə baş verib. Əvvəllər burada belə bir hal müşahidə olunmamışdı", - deyə kənd sakini Baku TV-yə bildirib.
Başqa bir sakin isə qeyd edib ki, sürüşmə gecə saatlarında baş verib.
Qubada Qonaqkənd kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb.
Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.
Məlumata əsasən, Quba-Qonaqkənd yolunun bir hissəsində genişmiqyaslı torpaq sürüşməsi baş verib, nəticədə yol dağılıb və dərin yarğanlar əmələ gəlib.
Hadisə səbəbindən Qonaqkənd, Cimi, Xaşı, Xaltan, Nohurdüzü, Yerfi, Talış, Dərk, Qayadalı və Söhüb kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.
Sakinlərin sözlərinə görə, sürüşmə təkcə yolu deyil, infrastrukturu da ciddi zədələyib. Belə ki, sürüşmə zonasındakı elektrik dirəkləri sıradan çıxıb, nəticədə kəndlərdə elektrik enerjisinin verilişi dayanıb.
Bundan əlavə, torpaq sürüşməsi Vəlvələçayın qarşısını kəsib. Bu isə suyun yığılmasına və Qonaqkənd ərazisinin su altında qalması riskinə səbəb olub.
Hazırda sakinlər ciddi narahatlıq içindədirlər. Aidiyyəti qurumların hadisə yerinə cəlb olunmasını və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirlər.