Braziliyanın Belu-Orizonte şəhərinin “Estadio Mineyrao” arenasında 1/8 finalın ilk oyununda Braziliya yığması Çili ilə qarşılaşdı.
Oxu.Az xəbər verir ki, oyun çox maraqlı, sürətli və qarşılıqlı hücumlar şəraitində keçdi.
Braziliyalılar topa daha çox nəzarət edirdilər, daha çox təhlükəli vəziyyətlər yaradırdılar. Çilililər isə əks hücumlarda, xüsusilə Aleksis Sançez və Arturo Vidalın fərdi ustalıqları sayəsində rəqib müdafiəsini yarmağa çalışırdılar.
Oyunda hesab 18-ci dəqiqədə açıldı. Neymarın küncə zərbəsindən sonra, Tiaqu Silva başla topu David Luizə ötürdü, sonuncuya isə yalnız topa toxunmaq qaldı, 1:0.
Qol vurduqdan sonra mundial sahibləri sakitləşdilər, və çilililər bundan lazımınca istifadə etdilər.
32-ci dəqiqədə braziliyalıların müdafiədəki səhvindən sonra, Varqas topa yiyələnərək Aleksis Sançesə ideal ötürmə etdi, “Barselona”nın forvardı isə topu dəqiq aşağı sağ küncə göndərdi.
İlk hissə 1:1.
Oyunun ikinci yarısında da hər iki komandanın hesabda irəli çıxmaq üçün çox gözəl imkanları var idi.
55-ci dəqiqədə Halk ikinci topu çilililərin qapısından keçirdi. Lakin oyunun baş hakimi, Halkın əllə oynadığına işarə edərək, qolu qeydə almadı.
Qalan vaxt ərzində isə komandaların heç biri fərqlənə bilmədi və oyunda əlavə 30 dəqiqə təyin edildi. Lakin futbolçular bu vaxt ərzində həlledici qolu vura bilmədilər.
Düzdür, çilililər bunu edə bilərdilər. 120-ci dəqiqədə Maurisyo Pinilianın güclü zərbəsi qapı tirinə tuş gəldi.
Beləliklə oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə qurtardı.
Penaltilər seriyasında isə Braziliya Çilini 3:2 hesabı ilə üstələdi. Julio Sezar ilk iki zərbəni (Pinilia və Aleksis Sançesin) dəf etdi. Lakin braziliyalıların heyətində də Villian və Halk fərqlənə bilmədilər. Həlledici zərbəni braziliyalıların heyətində Neymar dəqiq yerinə yetirdi, çilili futbolçu Qonzalo Haranın zərbəsi isə qapı tirinə tuş gəldi.
Mundial sahibləri 1/4 finalda. Onların rəqibləri bu gecə keçiriləcək Uruqvay - Kolumbiya qarşıdurmasında müəyyən ediləcək.