AFFA "Neftçi" və "Kəpəz"i azarkeşlərinə görə cəzalandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Misli Premyer Liqasında XXX turun "Kəpəz" - "Araz-Naxçıvan" oyununda azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Gəncə klubu 500 manat cərimələnib.
"Neftçi" - "Zirə" oyununda isə azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə "Neftçi" 2 000 manat ziyana düşüb. Həmçinin "ağ-qaralar"ın heyətində dörd nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.
İntizam Komitəsi "Şamaxı"nın fotoqrafına görə "Sumqayıt" klubunu cəzalandırıb. Buna fotoqrafın "Sumqayıt"la matçda zonalar üzrə qaydanı pozması səbəb olub. Gənclər şəhərinin klubu buna görə 500 manat cərimə ödəyəcək.