Futbol üzrə Argentina yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Cənubi Amerika zonasında ikinci pillədə olan Argentina lider Braziliya ilə öz meydanında qolsuz heç-heçə etməklə buna nail olub.
Bununla da ikiqat dünya çempionları 18-ci dəfə mundialda iştirak edəcək.
Digər görüşlərdə Kolumbiya Paraqvayla eyni nəticəni göstərib, Boliviya Uruqvayı 3:0, Peru Venesuelanı 2:1 və Ekvador Çilini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə 32 ölkənin iştirakı ilə keçiriləcək. Meydan sahibi Qətərdən başqa, Cənubi Amerikadan Braziliya ilə Argentinanın, Avropa zonasından Belçika, Almaniya, İspaniya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, Danimarka, İngiltərə və Niderland yığmalarının da mundialda iştirak edəcəyi dəqiqləşib.