Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avrokuboklarda çıxış edəcək komandalarımızdan hansı nəticəni gözləyə bilərik?
Avrokuboklarda çıxış edəcək futbol komandalarımızın rəqibləri bəlli olub.
Bunlardan "Qarabağ" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllüttariq) cütünün qalibi ilə, "Zirə" UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə, "Sumqayıt" UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Fehervar" (Macarıstan) ilə, "Sabah" isə "Makkabi Hayfa" (İsrail) ilə qarşılaşacaq.
"Qarabağ" mərhələni adlayacağı təqdirdə Konfrans Liqasının qrup mərhələsinə də vəsiqəni təmin etmiş olacaq. "Zirə" isə birinci təsnifat mərhələsində "Şerif"lə görüşdən qalib ayrılacağı təqdirdə "Elfsborq" (İsveç) - "Pafos" (Kipr) cütünün qalibi ilə görüşəcək.
Azərbaycan çempionu "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışlarına nəzər yetirsək, komandamızın növbəti mərhələyə rahatlıqla adlaya biləcəyini deyə bilərik. Belə ki, UEFA Avropa Liqasının 2023/24 mövsümünün 1/16 final mərhələsində Portuqaliyanın "Braqa" klubunu məğlub edərək Azərbaycan futbolu tarixində yeni cığır açan "Qarabağ" üçün bu komandaları məğlub etmək elə də çətin olmayacaq.
Hətta rahatlıqla deyə bilərik ki, 2023/24 mövsümünü yalnız bir məğlubiyyətlə bitirən "Bayer Leverkuzen"ə də ən çox başağrısı yaradan "köhlən atlar" "Hamrun" - "Linkoln" cütünün qalibi ilə görüşdə çətinlik çəkməyəcəklər. Avrokuboklarda kifayət qədər təcrübəsi olan Qurban Qurbanov, yəqin ki, bu barədə planlar cızmağa başlayıb. Düzdür, təcrübəli mütəxəssisin komandaya yeni qatılan 27 yaşlı xorvatiyalı qolkiper Fabian Buntiçə əsas heyətdə şans verib-verməyəcəyi hələ sual altındadır. Yeni keçidlərdən söz düşmüşkən, Musa Qurbanlı da sabiq komandasına qayıdıb.
Oxu.Az komandalarımızın avrokuboklardakı şanslarını futbol mütəxəssisləri ilə birlikdə dəyərləndirib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Oxu.Az-a açıqlamasında bu ilin Azərbaycan futbolu üçün uğurlu olacağına inandığını dilə gətirib:
"Həm Çempionlar, həm Avropa, həm də Konfrans Liqasında oynayacaq Azərbaycan klublarının hər birinə uğurlu nəticələr arzu edirəm. İnanıram ki, bu il Azərbaycan futbolu üçün uğurlu olacaq. Bizim üçün 2-ci təsnifat mərhələsindəki görüşlər ən ciddi hazırlaşdığımız oyunlar olmalıdır. Çünki bu mərhələdən başlamaq bizim üçün yeni tanışlıqdır.
Digər komandaların hazırlığı bizdən daha yaxşı ola bilər. Onlar iki rəsmi oyuna çıxacaqlar. Bu, böyük təcrübədir. İlk matça hazır olmaq üçün maksimum çalışacaq və işimizi düzgün quracağıq. "Linkoln" bizə tanış rəqib olsa da, futbol elə səviyyəyə çatıb ki, istənilən komandanın uğurlu nəticə əldə etməsi mümkündür. Hamı fikirləşir ki, çox yaxşı, uğurlu püşk olub və bizi mərhələni keçmiş kimi görürlər. Belə fikirlər futbolçulara təsir edə bilər. Psixoloji tərəfdən tam hazır olmağa çalışmalıyıq. Futbolçularım peşəkardırlar, məsələnin məsuliyyətini anlayırlar və qarşıdakı günlərdən maksimum düzgün yararlanacağıq. Uğurlu nəticə əldə etmək istəyirik".
"Qarabağ"ın rəqiblərinə gəlincə, xatırladaq ki, Malta və Cəbəllüttariq çempionları arasında oyunlar iyulun 9-10-da və 16-17-də keçiriləcək. Bu cütün qalibi ilə komandamız arasında ilk görüş iyulun 23-də və ya 24-də, cavab qarşılaşması 30-da və ya 31-də baş tutacaq. Qurban Qurbanovun komandası ilk görüşə səfərdə çıxacaq.
Əsası 1907-ci ildə qoyulan "Hamrun Spartans" 10 dəfə Malta çempionu olub, altı dəfə ölkə kubokunu, altı dəfə Superkuboku qazanıb. Hamrun şəhərini təmsil edən klub son dörd mövsümdə üç dəfə qızıl medal əldə edib.
Cəbəllüttariq təmsilçisinin əsası 1976-cı ildə qoyulub. 28 qat ölkə çempionu son dörd ildə qızıl medallara sahib çıxıb. "Linkoln" 20 dəfə ölkə kubokunun qalibi olub. Hər iki komanda öz ölkəsində uğurlu nəticələr əldə etsə də, avrokuboklarda elə də inamlı təsir bağışlaya bilməyib.
Paytaxt təmsilçisi "Zirə" UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində çox güclü rəqiblə mübarizə aparmalı olacaq. Vaxtilə "Real Madrid" klubunu məğlub edən "Şerif"lə görüşdə Rəşad Sadıqov və onun komandasının necə təəssürat yaradacağı əsas müzakirə mövzusudur. Çünki ötən mövsüm müdafiə oyunu ilə diqqət çəkən "Zirə"nin "Şerif"lə görüşdə özünü necə aparacağı maraqlıdır.
Təmsilçimiz "Şerif"ə qalib gələcəyi təqdirdə ikinci təsnifat mərhələsində qarşılaşacağı "Elfsborq" (İsveç), yaxud "Pafos" (Kipr) Moldova təmsilçisinə nisbətdə daha rahat oynaya biləcəyi komandalardır.
UEFA Konfrans Liqasında çıxış edəcək "Sumqayıt" Macarıstan təmsilçisi ilə ilk oyunu evdə keçirəcək. Samir Abasovun komandası bu mövsüm Azərbaycan Premyer Liqasında göstərdiyi əzmkarlığı "Fehervar"la görüşdə də sərgiləyəcəyi təqdirdə uğurlu nəticəyə imza ata bilər.
Komandanın baş məşqçisi Samir Abasov klubun Mətbuat Xidmətinə açıqlamasında rəqibin kifayət qədər güclü olduğunu vurğulayıb:
"Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, beş komandadan heç biri ilə işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq, təbii ki. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcək, təhlillər aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".
Artıq ikinci dəfə avrokuboklarda iştirak edəcək "Sabah" isə Hayfa "Makkabi"si (İsrail) ilə ilk oyunu səfərdə keçirəcək. Ötən mövsüm yaxşı çıxışı ilə yadda qalan "Sabah" gözlənilmədən avrokuboklarla vidalaşdığı üçün həmin uğursuzluğu unutdurmaq niyyətindədir.
Paytaxt təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç Oxu.Az-a açıqlamasında qeyd edib ki, mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacaqlar:
"Makkabi"nin bu cütün favoriti olduğu aydındır. Lakin bu o demək deyil ki, bizim şansımız yoxdur. İnanıram ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik".
Azərbaycan milli futbol komandasının keçmiş üzvü, SSRİ idman ustası Vladislav Qədirov Oxu.Az-ın müxbiri ilə söhbətində qeyd edib ki, komandalarımızın şansları böyükdür:
"Düşünürəm ki, "Qarabağ" normal transferlər edəcəyi təqdirdə bu mərhələni rahatlıqla keçər. Düzdür, növbəti mərhələyə adlayacağı təqdirdə UEFA Konfrans Liqasının qrup mərhələsindəki yerini təmin edəcək, amma bu, "köhlən atlar" üçün uğur sayılmamalıdır. "Qarabağ" bu mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsinədək yüksəlmə potensialına sahibdir.
"Zirə"nin rəqibi olduqca güclü olsa da, təmsilçimizə inamım tamdır.
"Sumqayıt" avrokuboklarda debüt edəcəyindən onunla bağlı tam olaraq nəsə demək elə də asan deyil, amma hər halda uğurlar arzu edirəm.
"Sabah" isə ötən mövsümdə də uğurlu nəticələri ilə yadda qalmışdı. "Makkabi" "Sabah"ın keçə biləcəyi komandadır. Ümid edirəm ki, etimadı layiqincə doğrulda biləcək".
Azərbaycan millisinin və "Neftçi" klubunun keçmiş futbolçusu Samir Ələkbərov Oxu.Az-a açıqlamasında V.Qədirovla həmrəylik nümayiş etdirib:
"Qarabağ" klubu artıq bizi elə öyrəşdirib ki, hər bir halda, sadəcə, qələbə gözləyirik. Rəqiblərimiz elə də güclü deyillər. "Köhlən atlar" bu turu çox asanlıqla keçəcəklər. Qurban Qurbanovun düzgün idarəçiliyi bizə bunu deməyə əsas verir. Yeni transfer olunan qolkiperin necə təəssürat yaradacağı ilə bağlı heç bir fikrim yoxdur. Amma hər halda "Qarabağ" transfer edibsə, demək ki, etimadı doğrulda biləcək potensiala sahibdir. Nəticə hər nə olursa-olsun, "Qarabağ"a uğurlar arzu edirəm.
Digər komandalarımız arasında ən çətin rəqib isə "Zirə"nin bəxtinə düşdü. "Şerif"lə görüş paytaxt təmsilçisi üçün elə də asan olmayacaq, amma Moldova təmsilçisini məğlub edəcəyimiz halda digər rəqibləri keçmək çətin olmayacaq. Hər bir halda təmsilçilərimizə uğurlar arzu edirəm".
İdman jurnalisti Kənan Məstəliyev Oxu.Az-a açıqlamasında komandalarımızın rəqiblərinin əsas xüsusiyyətlərini açıqlayıb:
"Bu mövsüm təmsilçilərimizin avrokuboklardakı rəqibləri müxtəlif gücdədirlər. İndiyədək püşkatmalarda ən çətin rəqiblər Ağdam təmsilçisinə düşürdü, indi isə istər "Linkoln", istərsə də "Hamrun" "Qarabağ"ın keçə biləcəyi rəqiblərdir. Hər iki komandanın uğurları var, amma heç biri "köhlən atlar"la mübarizə aparmaq potensialına sahib deyil. Komandamız növbəti mərhələyə daha rahat və üstün adlayacaq.
"Zirə"nin rəqibi "Şerif" avrokuboklarda özünü göstərə bilən komandadır. Bir məqam var ki, "Şerif" əvvəlki oyununu nümayiş etdirmir və xüsusi futbolçulara sahib deyil. Rəşad Sadıqovun komandası praqmatik futbolla rəqibi üstələyə bilər. Təcrübəli mütəxəssis yaxşı müdafiə futbolu oynada bilir, məhz buna görə də oyunu əks-hücumlar üzərində quraraq "Şerifi" keçə bilərik. Sadəcə, yaxşı hazırlaşmaq və sonadək mübarizə aparmağı bacarmaq lazımdır.
"Sumqayıt"ın rəqibi Ferhevar"a gəlincə, çox köklü tarixi olan komandaya qarşı oynayacağıq. Samir Abbasov çox ideal komanda oyunu ortaya qoyub və futbolçulara çevik oynamağı aşılaya bilib. Rəqibi üstələyə bilərik, amma bunun üçün heyəti gücləndirmək lazımdır. Göndərilən futbolçuların yeri hələ ki doldurulmayıb. Ən qısa zamanda bu məsələ həllini tapmalıdır.
Avrokuboklarda "Zirə"dən sonra ən çətin rəqib "Sabah" klubunun bəxtinə düşdü. Təmsilçimiz, bəlkə də, iki tur sonra "Makkabi" ilə düşsəydi, daha yaxşı olardı. "Makkabi" son illərdə uğurlu çıxışları ilə yadda qalıb. Amma "Sabah"dan da inamlı təsir bağışlamasını gözləyirik. Komandanın büdcəsi, infrastrukturu və yaxşı futbolçuları var. Yeni oyunçular transfer olunacağı təqdirdə nəticə əldə etmək olar. Amma real danışırıqsa, şansı 50/50-yə dəyərləndirirəm".
Anar Həsənov
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- "Atletiko Madrid" 74 illik seriyanı təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan daha iki komanda bəlli olub
- Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi
Rəylər