“İkinci dəfə bu mükafatı qazanmaq xoşdur”.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.
Azərbaycanda ilin ən yaxşı əcnəbi oyunçusu seçilən 30 yaşlı Mərakeş əsilli yarımmüdafiəçi bildirib ki, bunun üçün xeyli əziyyət çəkib:
“Bu, tək mənim yox, bütün komandanın uğurudur. Başda klub prezidenti, baş məşqçi olmaqla, mən gələndə kapitanım olan Rəşad Sadıqovu da qeyd etmək istərdim. Həmin vaxt məni heç kim tanımırdı”.
Təcrübəli oyunçu İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzduqları Avropa Konfrans Liqasının qrup oyununda vurduğu qolun qeydə alınmamasına da toxunub:
“Həmin anda çaşqınlıq içində idim. Nə baş verdiyini anlamağa çalışırdım. Bütün hakimlərin görməməsini və qolun sayılmamasını ədalətsizlik hesab edirəm”.
Bu gün keçiriləcək pley-off mərhələsinin püşkatması barədə də danışan Zubir əsas məqsədlərinin növbəti mərhələyə adlamaq olduğunu söyləyib:
“Hansı rəqibin düşməsi bizim üçün o qədər də önəmli deyil. Yaxşı oyun göstərməliyik”.
Səbuhi Musayev