Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanın Qolf Federasiyasında konfrans keçirildi – FOTO
Bu gün Azərbaycan Qolf Federasiyasında Azərbaycan Gənc Diplomatlar Birliyinin və AQF-in birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Azərbaycanın beynəlxalq idman siyasəti; reallıqlar və perspektivlər” adlı konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, konfransdan öncə, Azərbaycan Qolf Federasiyası və Azərbaycan Gənc Diplomatlar Birliyinin üzvləri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib gül dəstələri qoyublar.
Federasiyanın inzibati binasında təşkil olunmuş konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov Azərbaycan Qolf Federasiyası və Azərbaycan Gənc Diplomatlar Birliyinin ilk birgə layihəsinin Azərbaycanın idman siyasətində əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, bu cür konfranslar ölkəmizin beynəlxalq idman siyasətində mühüm rol oynayır və Azərbaycanda təşkil olunacaq birinci Avropa Olimpiya Oyunları ərəfəsində keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova Qolf Federasiyasının ölkədəki fəaliyyətindən danışdı.
Nigar Süleymanovanın sözlərinə görə, Azərbaycan Qolf Federasiyası 2012-ci ildə təsis edilib, 2013-cü ilin sentyabr ayında inzibati binasının rəsmi açılışından sonra isə tam gücü ilə fəaliyyətə başlayıb.
Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışlardan danışan Nigar Süleymanova vurğulayıb ki, bu il ilk dəfə olaraq, Azərbaycan Qolf Federasiyası tərəfindən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan Turniri keçiriləcək. “Heydər Əliyev adına Azərbaycan Turnirinin 6-7-8 iyun 2014-cü il tarixlərində Quba Milli Qolf Klubunda keçirilməsi nəzərdə tutulur. Tədbirə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçular qatılacaqlar.
Qolf Federasiyasının baş katibi qeyd edib ki, Avropanın ən mötəbər qolf yarışlarının rəsmi təşkilatçısı olan “European Tour” ilə bu ilin yay mövsümündə Azərbaycanda “Challange Tour” keçiriləcək. Nigar Süleymanovanın sözlərinə görə, “European Tour” müasir dövrümüzün ən mötəbər qolf yarışlarından hesab olunur, təşkil olunacaq yarışa dünyanın müxtəlif ölkələrindən gəlmiş 72 qolfçu qatılacaq.
N.Süleymanova vurğulayıb ki, Azərbaycan Qolf Federasiyasının Qolf Akademiyası ilə birgə təşkil etdiyi SNAG (Start New at Golf) proqramı çərçivəsində Bakı şəhərində qolf haqqında uşaqlara ilkin anlayış üçün tədbirlər keçirilir. Keçirilən təlim-məşqlər şagirdlərin böyük həvəs və marağına səbəb olur.
Qolf Federasiyasının baş katibi qeyd edib ki, Azərbaycanda təşkil olunacaq qolf turnirləri, ölkəmizin beynəlxalq arenada tanınması üçün vasitədir, baş tutacaq yarışlar qolfun ölkəmizdə təbliğatında mühüm rol oynayacaq:
“Azərbaycanda qolfun inkişafı ölkəmizə turist axınını daha da artıracaq. Qolf idmanın bir növü kimi Azərbaycanda yeni olsa da, artıq böyük uğurlar əldə edib və marağa səbəb olub. Gələcəkdə məqsəd ölkəmizdə qolfu milli idman və həyat tərzinə çevirməkdir”.
Daha sonra mərasimdə çıxış edən Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov ilk növbədə Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədova öz dərin minnətdarlığını bildirib, Azərbaycan Gənc Diplomatlar Birliyinin və Azərbaycan Qolf Federasiyasının ilk layihəsinin Azərbaycanın idman siyasətindəki əhəmiyyətindən danışıb.
Qeyd edək ki, tədbirdə həmçinin TÜRKPA-nın Baş katibinin müavini Mamayusupov Altınbek, 2 qat Paralimpiya oyunları çempionu İlham Zəkiyev, Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü Aydın Hüseynov, Milli hakim Təranə Xudabaxşıyeva, Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Rəşad Rumzadə, Milli Məclisin Sosial Siyasət Komitəsinin eksperti, Avropa çempionu Vüqar Fərzizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov, Bakı Dövlət Universitetinin Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov, Gənclərin Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, YAP (Binəqədi) Baş təlimatçısı Əlimərdan Sultanov iştirak ediblər.
Konfransda çıxış edən Qırğızıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aycıgit Buranov Ümummilli lider Heydər Əliyevin Qırğızıstan-Azərbaycan əlaqələrinin inkşafında mühüm rol oynadığını vurğulayaraq, qeyd etdi ki, Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bu gün sürətlə inkişaf edir.
Səfir bildirdi ki, Azərbaycan-Qırğıstan əməkdaşlığının inkişafı H.Əliyevin adı ilə bağlıdır. Səfirin sözlərinə görə, Azərbaycan Heydər Əliyevin xatirəsidir və bu gün Gənc Diplomatlar Birliyi və Azərbaycan Qolf Federasiyasın birgə təşkil edilmiş konfransı dostluq və qardaşlığın bariz nümunəsidir.
Daha sonra tədbirdə çıxış edən TÜRKPA-nın Baş katibinin müavini Mamayusupov Altınbek Türkdili dövlətlərin idman sahəsində əməkdaşlığından danışdı.
Altınbekov öz çıxışında qeyd etdi ki, Azərbaycada idman səhəsində gözəl şərit yaradılıb və idman ölkədə çox geniş inkişaf edib. Müavin vurğuladı ki, Azərbaycanda təşkil olunan birinci Avropa Olimpiya Oyunları bütün Türk dünyasının uğurudur.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Bürosunun üzvü Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev ölkədə idmanın inkişafına böyük diqqət göstərir.
“Azərbaycan bir çox beynəlxalq qurumların, o cümlədən idman təşkilatlarının üzvüdür. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Ölkəmizdə beynəlxalq yarış və turnirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. 2015-ci ilin iyununda Bakıda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək. Ölkəmiz gündən-günə sürətlə inkişaf edir və dəyişir”.
Foto: Nüsrət Abdullayev
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
Rəylər