Martın 16-da Budapeştdə Macarıstan Güləş Federasiyasının (MCF) 100 illik yubileyi qeyd olunub.
Bununla bağlı Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev, UWW-nin prezidenti Nenad Laloviç, Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinin üzvü Pol Şmitt, Macarıstan Olimpiya Komitəsinin prezidenti Kristian Kulçar və Macarıstan Güləş Federasiyasının vitse-prezidenti Peter Başçanın iştirakı ilə tədbir keçirilib.
Tədbirdə bildirilib ki, geridə qalan 100 ildə beynəlxalq arenalarda 129 Macarıstan güləşçisi 429 medal qazanıb. O da vurğulanıb ki, bu ölkənin güləş əfsanəsi, Olimpiya, dünya və Avropa çempionu İştvan Kozmanın adını daşıyan güləş akademiyasında gələcəyin çempionlarını yetişdirmək üçün əlverişli şərait yaradılıb.
Nenad Laloviç isə bunları söyləyib: “Akademiyada Olimpiya çempionlarının şəkillərinin vurulduğu stendə tamaşa etdim. Bundan çox təsirləndim. Gördüyüm mənzərə macar güləşinin gücünün göstəricisiydi. UWW-nin daha güclü olması üçün onun üvzləri də MCF kimi güclü olmalıdır. Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edirəm. Şadam ki, bu əlamətdar tarix Avropa Olimpiya Təsnifat turniri ilə üst-üstə düşdü və mən də bu yubileyi sizinlə birgə qeyd etdim”.
Qeyd edək ki, sabah həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşində altı çəkidə finalçıların Olimpiadaya lisenziya qazanacağı təsnifat yarışı start götürəcək. Martın 21-dək davam edəcək turnir BOK İdman Mərkəzində təşkil ediləcək. Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.