Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanlı futbolçu: Toyadək gəlinə toxunmaq olmaz
Rusiya Premyer Liqasında mübarizə aparan “Rostov”un futbolçusu Ayaz Quliyev klubun rəsmi saytında azarkeşlər arasında aparılan səsverməyə görə 4,36 balla avqust ayının ən yaxşı oyunçusu seçilib.
Oxu.Az xəbər verir ki, atası azərbaycanlı olan Ayaz Quliyev bu münasibətlə Rostov klubunun rəsmi saytına müsahibə verib:
– Moskvada doğulmusan, ancaq cənub mənşəlisən. Bu haqda danışmağını istərdik...
– Köklərim Azərbaycanın Lənkəran şəhərindən, o cümlədən Masallı rayonundakı Boradigah qəsəbəsindən gəlir. Atam hərbi xidmətdən sonra, iyirmi yaşında Moskvaya köçüb və anamla tanış olub. Təbii ki, həmin vaxtlar bütün ölkədə gərgin situasiya yaranmışdı və atamın işləyib bu şərtlərə uyğunlaşması lazım gəldi.
– Özün Azərbaycanda olmusan?
– Orada olanda uşaq idim. Sonda atamla tətillərim üst-üstə düşmədiyindən, az-az ora gedə bildim. Amma əksinə, qohumlarımız Moskvaya bizə qonaq gəlirlər.
– Vətənində futbolla bağlı işlər nə yerdədir?
– Bir ara pis maliyyələşməyən “Xəzər Lənkəran” adlı klub vardı. Bu bölgədə futbolu çox sevirlər. Bütün qohumlarım matçlarıma baxır və mənə azarkeşlik edir.
– “Spartak”ın məktəbinə necə düşdün?
– Beş yaşım olanda. Onda hələ komanda yığılmamışdı, məni bir yaş yuxarı komandaya götürdülər.
– Niyə məhz “qırmızı-ağlar”?
– Bu klubun yetirmələrini yüksək liqanın, demək olar ki, bütün komandalarında görmək olur. Yəqin, atam da bu haqda bilirdi. Bəlkə də, buna görə o, bu komandaya azarkeşlik edir.
– Gəl, sənin “Spartak”ın prezidenti Leonid Fedunla məşhur fotonu xatırlayaq. O, şəkildə Akademiyanın açarlarını sənə verir...
– Bizdə onda məşq idi. Mənə deyildi ki, şəkil çəkdirmək lazımdır. Onu onda ilk dəfə görürdüm. Hətta buna görə bir az həyəcanlanmışdım da.
– Sən “Spartak”ın akademiyasında qalırdın, yoxsa evdə?
– Evdə. Akademiyada yalnız Moskvadan olmayanlar qalırdı.
– Evdə qalmağının sənə köməyi dəyirdi?
– Əlbəttə. Onda illərin necə keçdiyi haqda düşünmürsən. Valideynlərimlə söhbət edəndə həmişə onların qayğısını hiss etmişəm. Bizdə bütün ailə futbolla yaşayır, hətta babam və nənəm də.
– Nə vaxtsa düşünmüsən ki, futbolla məşğul olmasaydın, nə işlə məşğul olardın?
– Əlbəyaxa döyüşlə. Başqa nə ola bilər ki? (gülür) Ola bilər ki, peşəkar səviyyədə yox, amma əlbəyaxa döyüşlə məşğul olardım. Futbolu daha əvvəl seçdiyimdən bu idmanla məşğul olmağa vaxtım olmadı. Səhər məktəb, axşam isə məşq idi.
Böyük və kiçik qardaşlarım əlbəyaxa döyüşlə məşğuldurlar. Ona görə də əvvəl onlarla rəqib qismində döyüşürdüm. Onlardan yeganə şey xahiş edirdim ki, futbolla məşğul olduğuma görə ayağıma “vurmasınlar”. Bizim döyüşlər çox ciddi olurdu. Heç kim bir-birinə güzəştə getmirdi.
– O düzdür ki, yeniyetmə yığma Avro-2015-in qrupundan çıxanda ləzginka oynamışdın?
– Onda bu təklifdən imtina etmək olmazdı. Üstəlik, yaxşı əhval-ruhiyyə vardı. Ancaq indi belə təklifdən imtina edərdim.
– “Rostov” bu mövsüm avrokuboklara düşsə, təkrarlayacaqsan?
– Yox, yox, mənim üçün daha bəsdir (gülür).
– Yaxınlarda Akinfeyev demişdi ki, öz populyarlığına pis yanaşır. Bəs səndə necədir?
– Hesab edirəm ki, Akinfeyevin populyarlığına çatmaq üçün mən hələ bundan uzağam. Olur ki, yolda məni də tanıyırlar. Ancaq hər addım atmağımıza imkan verməyəcək dərəcədə tanımırlar.
– Bilirsən, azarkeşlər səni Həbib Nurməhəmmədovla müqayisə edirlər...
– Əlbəttə, internetdə görmüşəm. Tez-tez mənə “caps”lar göndərirlər, çox gülməli olur.
– Buna necə yanaşırsan?
– Yaxşı. İstənilən halda, Həbib şərəfli, düzgün insandır. Xoşdur ki, məni onunla müqayisə edirlər. Axı o, təkcə dahi döyüşçü deyil. O, həm də şəxsi keyfiyyətləri ilə seçilir.
– Makqreqorla onun döyüşünü gözləyirsən?
– Onun istənilən döyüşünü gözləyirəm. O, kəmər üçün mübarizə aparanda da, indi də mənim üçün maraqlıdır.
– Döyüşdən öncə ona nə arzulamaq istəyirsən?
– Qələbə! Həbib özünə arxayındır. Bu döyüşdən öncə onun heç bir narahatlığı yoxdur. Nurməhəmmədov məğlubedilməz döyüşçüdür, əminəm ki, belə də qalacaq.
– Sənin zövqlərin barədə danışaq. Əvvəl demişdin ki, nə repi, nə də şanson mahnıları sevmirsən. Bəs sən hansı musiqilərə üstünlük verirsən?
– Demək çətindir. Türk, çeçen musiqilərinə qulaq asmağı sevirəm. Məsələn, Məkkə Mejiyevanın (çeçen müğənnisi – S.M.) mahnıları xoşuma gəlir.
– Bəs yeməkdə nəyə üstünlük verirsən?
– Dadlı yeməkləri sevirəm, xüsusən də ət yeməklərini.
– Azarkeşlərə ilk növbədə hansı Qafqaz xörəyini yoxlamağı məsləhət görərdin?
– Çeçen mətbəxini götürsək, bu çapilqaşdır. Bu yeməkdə pendir, balqabaq olur. Həmçinin jijiq qalnaşı qeyd edərdim. Dağıstan mətbəxini götürsək, əlbəttə ki, xəngəli məsləhət görürəm. Ancaq hamısından çox şərq şirniyyatlarını sevirəm. Xüsusən türk və Azərbaycan şirniyyatlarını. Məsələn, şəkərbura, paxlavanı. Həmişə bibim Azərbaycandan belə paylar göndərir.
– Sən çox səfər edirsən? BƏƏ-dən fotolarını gördük...
– Dubay və Abu-Dabidə olmuşam. Səudiyyə Ərəbistanına getmək, hər bir müsəlman üçün vacib olan Məkkədə olmaq istəyirəm. Evləndikdən dərhal sonra arvadımla oraya getməyi planlaşdırıram.
– Komandada daha çox kiminlə dostluq edirsən?
– Saşa Zuyevlə. Onunla hətta “Spartak”da oynayanadək tanışlığımız olub. Rizvan Mirzovla tez-tez danışırıq.
– Kənardan elə görünür ki, çox utancaqsan. Evdə də beləsən?
– Deyə bilmərəm ki, utancağam. Açıq olmağa çalışıram. Evdə valideynlərim və yaxınlarımdan heç nə gizlətmirəm, utanmağım üçün heç bir əsasım yoxdur.
– Evlənməyi, ailə qurmağı nə vaxta planlaşdırırsan?
– Düzünü desəm, bu haqda sonra danışmaq istərdim. Ancaq soruşdunuzsa, deyim. Bu qış evlənməyi planlaşdırıram. Daha sonra bu haqda hamıya ətraflı deyəcəyəm. Çoxdandır ki, bu iş üzərində çalışıram.
– Gəlini qaçırmısan?
– Bu, dinlə qadağandır, ona görə də belə etməmişəm. Toyadək gəlinə toxunmaq heç bir halda olmaz. İstəyirəm ki, hər şey gözəl və İslam qaydalarına uyğun alınsın.
– Bizim şəhərdə ən çox hansı yerləri xoşlayırsan?
– İndi axşamlar məşqlər olur, isti havada isə gəzmək olmur. Ümimilikdə isə boş vaxtlarımda halal ət satılan restoranlarda yemək yeməyə gedirəm.
– Çoxları Rostovda pis sürücülüyü qeyd edir. Sən nəyi bəyənmirsən?
– Yolları. İndi onlar dünya çempionatından sonra yaxşılaşıb. Maşınımla çuxurlarda getmək olduqca problemə çevrilir.
– Harada yaxşı sürürlər: Rostovda, yoxsa Mahaçqalada?
– Düzünü desəm, Mahaçqalada sürmək daha rahatdır (gülür). Oradakı yollarda özümü daha yaxşı hiss edirəm.
– Rostovda nəyi bəyəndiniz?
– Mərkəzi çox bəyənirəm. Getmək üçün çox yer var.
– Moskva ilə müqayisədə şəhərdə sakitliyi bəyənirsən?
– Ümumilikdə, hə. Amma bəzən böyük şəhərin səs-küyü çatışmır.
Tərcümə etdi: Səbuhi MUSAYEV
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?