"Fənərbağça" klubunun yeni prezidenti seçilən Aziz Yıldırım vaxt itirmədən transfer bazarında hərəkətə keçib.
Oxu.Az xəbər verir ki, təcrübəli klub rəhbərinin ilk hədəfi Vedat Muriqinin komandaya keçidini yekunlaşdırmaq və bu istiqamətdə işləri sürətləndirməkdir.
Yayılan iddialara əsasən, Aziz Yıldırım artıq həm İspaniyanın "Malyorka" klubu, həm də kosovalı ulduz hücumçu ilə ortaq məxrəcə gəlib. Hazırda tərəflər arasında sadəcə son detalların dəqiqləşdirildiyi və bundan dərhal sonra transferin rəsmən elan olunacağı vurğulanır.
Yeni prezidentin hücum xəttini gücləndirmək üçün müəyyənləşdirdiyi ikinci böyük hədəf isə Seru Qirassidir. Hələ seçki kampaniyası dövründə komandanın iki yeni hücumçuya ehtiyacı olduğunu açıqlayan Yıldırımın "Borussiya Dortmund"un forvardını rənglərinə bağlamaq əzmində olduğu bildirilir.
Bu iddialı planı həyata keçirmək üçün "Fənərbağça" rəhbərliyinin Qirassi keçidinə görə Almaniya təmsilçisinə tam 30 milyon avro təzminat ödəməyə hazır olduğu qeyd edilir.
