Azərbaycan millisi Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının (DÇ) ikinci mərhələsində ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, komandamız dünya çempionatından (DÇ) əvvəl yoxlama oyunlarında görüşdüyü İtaliya yığması ilə qarşılaşıb. Görüş DÇ-də hələ məğlub olmamış rəqibin 3:0 (25:12, 25:19, 25:10) hesablı qələbəsi ilə yekunlaşıb.
F qrupunda keçirilən digər oyunlarda Rusiya komandası Türkiyə yığmasına, ABŞ millisi isə Bolqarıstan komandasına 3:0 hesabları ilə qalib gəlib. Günün digər görüşündə Çin komandası Tailand yığmasını eyni hesabla məğlub edib.
F qrupunda ilk oyundan sonra İtaliya komandası 18 xalla I, ABŞ millisi 16 xalla II, Çin yığması 15 xalla III yerdə qərarlaşıblar. Azərbaycan millisi 6 xalla VII yerdədir.
Qeyd edək ki, millimiz növbəti oyununu sabah Çin yığmasına qarşı keçirəcək. Bu görüş Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.
S.M.
www.oxu.az
Rəylər