Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsi çərçivəsində baş tutacaq İngiltərə və Norveç yığmaları arasındakı qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən başqa vaxta keçirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Sözügedən oyunun iyulun 12-də Mayamidə yerləşən "Hard Rok" stadionunda keçirilməsi planlaşdırılıb. Matçın Bakı vaxtı ilə saat 01:00-da başlaması nəzərdə tutulub.
Bu həftəsonu Mayamidə havanın hərarətinin 34°C-yə çatacağı və şimşək çaxacağı gözlənilir. Yüksək rütubət səbəbindən, sinoptiklərin proqnozlarına görə, oyunun başlanğıcında havanın temperaturu təxminən 43°C kimi hiss olunacaq.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.