Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli bəzi mətbu orqanlarda millinin baş məşqçisi Hacıağa Hacıəhmədovun istefaya göndəriləcəyi ilə bağlı xəbəri təkzib edib.
Oxu.Az xəbər verir ki, Sportpress.az-a açıqlamasında Məmmədli federasiyada hər hansı bir dəyişikliyin gözlənilmədiyini bildirib: “Son yarışlarda idmançılarımızın uğurlu çıxış etməməsi bizi də narahat edir.
Federasiya rəhbərliyi və məşqçilər korpusu bu barədə düşünür. Cüdoçularımız üçün hər cür şərait yaratmaqla yanaşı onların hazırlığıyla da maraqlanırıq. Baş məşqçi Hacıağa Hacıəhmədovun istefaya göndərilməsi müzakirə obyekti deyil. Federasiya baş məşqçiyə inanır və ona lazımi dəstəyi göstərir. Eyni zamanda Azərbaycan Cüdo Federasiyasında hər hansı bir başqa dəyişiklik gözlənilmir. Azərbaycan cüdoçuları hər zaman Vətənə mükafatlarla qayıdıb. Tez bir zamanda millidəki problem həll olunacaq və komandamız əvvəlki kimi xalqımızı sevindirəcək. Çox istərdim ki, mətbu orqanlarda informasiyalar yoxlanıldıqdan sonra dərc edilsin. Çünki, dəqiqləşdirilməmiş məlumat xalqımızda yanlış təəssürat yaradır”.
E.Ə.
www.oxu.az