Bu gün bəzi yerli KİV-də qolfun ulduzu Tayger Vudsun, iyul ayının 31-dən avqust ayının 3-nə kimi Qubada Milli Qolf Klubda keçiriləcək “Azerbaijan Open Challenge” turnirinə gəlməyəcəyi barədə informasiya yayılıb.
Bu barədə Oxu.Az-a bu tədbirin təşkilatçısı olan Azərbaycan Qolf Federasiyasından bildiriblər.
KİV-in məlumatlarında Tayger Vudsun Azərbaycana gəlməkdən imtina etmə səbəbi tələb etdiyi qonorarın çox yüksək olması ilə əlaqələndirilir.
Qolf Federasiyasının Baş katibi Nigar Süleymanova Tayger Vudsun Qubada keçiriləcək “Azerbaijan Open Challenge” turnirində iştirakının planlaşdırılmadığını söylədi. Belə ki, o, Liverpulda keçirilən “The Open Championship”də iştirak edib, sonra isə iyul ayının 31-dən avqust ayının 3-nə kimi Ohayoda keçirilən WGC-BRIDGESTONE INVITATIONAL-da iştirak edəcək.
“Tayger Vudsun, 2014-cü ildə Azərbaycana gəlməsində maraqlı olan Azərbaycan şirkəti onun agenti ilə danışıqlar aparırdı, amma tərəflər arasında razılaşmaya əsasən onun iştirakı ilə keçiriləcək tədbir gələn ilə keçirildi.
Dünya ulduzları barədə həqiqətə uyğun olmayan informasiyanın yayılması, xüsusilə Avropa oyunları kimi tədbirin ərəfəsində, həm Federasiyaya, həm də ümumilikdə Azərbaycana zərər gətirə bilər” – Nigar Süleymanova bildirib.
Öz növbəmizdə qeyd edək ki, iyul ayının 31-dən avqust ayının 3-nə kimi Qubada yerləşən Milli Qolf Klubda “European Tour” Beynəlxalq turniri çərçivəsində “Azerbaijan Open Challenge” keçiriləcək.
Tədbirdə müxtəlif ölkələrdən gəlmiş 156 qolfçu iştirak edəcək.