Futbol aləmində doğma qardaşların eyni klubda və ya milli komandada çiyin-çiyinə mübarizə aparması tez-tez rast gəlinən hallardandır.
Oxu.Az xəbər verir ki, 2026-cı il dünya çempionatında yeddi qardaş cütlüyü çıxış edir. Lakin onlardan yalnız üçü eyni yığmanın şərəfini qoruyur, digərləri isə fərqli milli komandaların heyətində yer alıblar.
Con və Harri Suttarlar - Şotlandiya və Avstraliya

Şotlandiyanın Aberdin şəhərində demək olar ki, iki yaş fərqlə dünyaya göz açan qardaşların hər ikisi "Dandi Yunayted" klubunun yetirməsidir. Müdafiəçi mövqeyində çıxış edən Suttarlar bu komandanın heyətində peşəkar səviyyədə birlikdə oynamağa da macal tapıblar. Onların hər ikisi 2016-cı ildə "Dandi"ni tərk etsə də, böyük qardaş Con karyerasını vətənində - "Harts"da davam etdirib, kiçik Harri isə İngiltərənin "Stok Siti" klubuna yollanıb.
Dezire və Qela Due - Fransa və Kot-d'İvuar

PSJ-nin gənc istedadı olan Dezire Due artıq Avropanın ən perspektivli gənc futbolçularından biri kimi özünü təsdiqləyib. Onun "Strasburq"da çıxış edən böyük qardaşı Qela isə 2024-cü ildə debüt etdiyi Kot-d'İvuar yığmasını seçib. Qela DÇ-2026-nın ilk turunda Ekvadora qarşı keçirilən matçda 89 dəqiqə meydanda olub.
Niko və İnyaki Vilyamslar - İspaniya və Qana

İnyaki və Niko Vilyamslar qardaşların idman yollarının necə ayrıla biləcəyinə dair ən parlaq nümunədir. Böyük qardaş İnyaki "Atletik Bilbao"nun əfsanəsinə çevrilərək İspaniyanın gənclər yığmasında çıxış etsə də, sonradan idman vətəndaşlığını dəyişərək Qana millisində oynamaq qərarına gəlib. Bu ərəfədə Niko İspaniya yığmasının əsas ulduzlarından birinə çevrilərək komandası ilə birlikdə Avro-2024-ün qalibi olub. O, DÇ-2026-da Kabo-Verde ilə matçda sonradan meydana daxil olsa da, komandasını heç-heçədən xilas edə bilməyib.
Teo və Lyuka Ernandeslər - Fransa

Onları dünya çempionatının ən ulduz qardaşları adlandırmaq olar. Yayda "Milan"ı tərk edərək "Əl-Hilal"a yollanan Teo, Simone İnzaginin rəhbərliyi altında stabil bir il keçirib. Görünür, o, yığmanın əsas sol cinah müdafiəçisi kimi mövqeyini qoruyub saxlayacaq.
Lyuka isə əsas heyət oyunçusu olmasa da, PSJ ilə birlikdə karyerasında üçüncü dəfə Çempionlar Liqasının qalibi olub. Qışda o, evinin qarşısında əlində 2018-ci ilin dünya kubokunu tutan qorilla heykəli ucaltması ilə də yadda qalıb.
Brayan Brobbi və Derrik Lükkassen - Niderland və Qana

Amsterdamda doğulan bu qardaşlar yalnız ana tərəfdən doğma olduqları üçün fərqli soyadlar daşıyırlar. Brayan Niderland yığmasının şərəfini qoruyur, fərqli klublarda çıxış edən Derrik isə Qana millisində oynamaq qərarına gəlib. O, digər müdafiəçinin zədələnməsi səbəbindən DÇ-2026 üçün yığmanın heyətinə cəlb edilib.
Leandro və Juninyo Bakuna - Kürasao

Həm həyatda, həm də beynəlxalq karyerada birlikdə addımlayan daha bir qardaş cütlüyü: hər ikisi karyerasına "Qroningen"də başlayıb, daha sonra isə Avropanın müxtəlif klublarında çıxış ediblər. Almaniyaya qarşı debüt matçı 1:7 hesablı məğlubiyyətlə başa çatsa da, onlar Kürasao yığmasının tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanmasında mühüm rol oynayıblar.
Laros və Deroy Duarte - Kabo-Verde

Rotterdam "Sparta"sının yetirməsi olan qardaşların Niderland yığmasında oynamaq imkanı olsa da, onlar fərqli yolları seçiblər. Hazırda Laros Macarıstanın "Puşkaş Akademiyası"nda, Deroy isə Bolqarıstanın "Ludoqorets" klubunda çıxış edir. Onların karyerası fərqli ölkələrdə olsa da, paralel şəkildə inkişaf etməkdə davam edir.