DÇ-2026-ya gerisayım davam etdikcə dünya futbolunda müzakirələr daha da qızışır. Futbol azarkeşləri ilə yanaşı, bu dəfə tanınmış keçmiş futbolçular və məşqçilər də mundialla bağlı fikirlərini bölüşüblər.
Görəsən, onlar 2026-cı ildə keçiriləcək dünya çempionatında kimə azarkeşlik edəcəklər? Bəs futbol mütəxəssisləri baş mükafatı hansı millinin qazanacağını düşünürlər?
Oxu.Az yerli futbol ictimaiyyətinin tanınmış simaları olan sabiq oyunçu və məşqçilərə müraciət edərək, onların mundialla bağlı proqnozlarını öyrənib.
Sorğuda iştirak edən idman xadimləri həm rəğbət bəslədikləri komandaları açıqlayıb, həm də turnirin ehtimal olunan qalibləri haqqında diqqətçəkən fikirlərini bölüşüblər.
Azərbaycan yığmasının sabiq üzvü, hazırda 20 yaşadək futbolçulardan ibarət milli komandamızın köməkçi məşqçisi kimi çalışan Vaqif Cavadov qardaş Türkiyə millisini dəstəkləyəcəyini bildirib. Tanınmış hücumçu mundialın baş mükafatını isə Argentina yığmasının qazanacağını ehtimal edir.

"Neftçi"nin və SSRİ yığmasının əfsanəvi futbolçularından sayılan İqor Ponomaryov bu böyük turnirdə İsveç və Braziliya komandalarına azarkeşlik edəcəyini vurğulayıb:
"Məncə, Fransa bu dünya çempionatında çox güclü təsir bağışlayacaq, lakin çempionluq sevincini İspaniyanın yaşayacağına ümid edirəm".

Hazırda "Şamaxı" klubunu çalışdıran baş məşqçi Azər Bağırov isə uzun illərdir Braziliya və Almaniya yığmalarına azarkeşlik etdiyini qeyd edib.

Yığmamızın keçmiş oyunçusu, "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyevin fikrincə, turnirin əsas favoritləri İspaniya və Braziliya milliləridir.

Milli komandamızda həm futbolçu, həm də baş məşqçi statusunda fəaliyyət göstərmiş Arif Əsədov mundial həyəcanını Türkiyə və Özbəkistana dəstək olaraq yaşayacaq. Təcrübəli mütəxəssis çempionluğa ən iddialı komanda qismində Portuqaliyanı görür.

Ölkənin bir sıra aparıcı klublarında unudulmaz çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilən Zaur Ramazanov da Türkiyə yığmasına azarkeşlik edənlər sırasındadır. Lakin o, çempionluq kubokunu İspaniya millisinin başı üzərinə qaldıracağına inanır.

Hazırda "Səbail" klubunun sükanı arxasında olan sabiq futbolçu Adil Şükürov DÇ-2026-da Türkiyə millisinə dəstək verəcək. Onun da proqnozuna görə, qızıl medallara məhz İspaniya yığması sahib çıxacaq.

Xatırladaq ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada keçiriləcək.