"Barselona"nın vingeri Lamin Yamal "Santos"un braziliyalı hücumçusu Neymarı futbolçular arasında öz kumiri adlandırıb.
Oxu.Az bu barədə "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir.
"Mən 6:1 hesabı ilə başa çatan matçı dəfələrlə izləmişəm (Çempionlar Liqasının 2016/2017 mövsümünün 1/8 finalında "Barselona" və PSJ arasındakı görüş - red.). Canlı izləmişəm. Neymar bütün uşaqlığımı təcəssüm etdirirdi, o mənim kumirimdir və futbola verdiklərinə görə ona hər zaman minnətdar olacağam.
O, hamımızı ruhlandırır, siz onu görmək üçün bilet alırsınız, görüşdən iki-üç gün keçir və siz sadəcə onun oyununu görmək üçün yenidən ona baxırsınız. Futbola verdiklərinə görə ona təşəkkür edirəm və ümid edirəm ki, o, dünya çempionatında çıxış edə biləcək", - deyə Yamal vurğulayıb.