Polşalı futbolçu Robert Levandovski MLS-də çıxış edən "Çikaqo Fayr" klubu ilə müqavilə imzalayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, razılaşma gələn həftənin əvvəlində rəsmiləşdiriləcək.
Daha əvvəl Levandovskinin mövsüm başa çatdıqdan sonra İspaniyanın "Barselona" klubunu tərk edəcəyi bildirilmişdi. Onun müqaviləsi iyunun 30-dək qüvvədədir. Futbolçu Kataloniya klubunda 2022-ci ilin yayından çıxış edir. Komandanın heyətində üç dəfə İspaniya çempionu və İspaniya Superkubokunun qalibi olub, bir dəfə isə ölkə kubokunu qazanıb.
Levandovskinin 37 yaşı var. O, 2010-2014-cü illərdə "Borussiya Dortmund"da, 2014-2022-ci illərdə isə "Bavariya"da çıxış edib. Levandovski "Bavariya" ilə səkkiz dəfə Almaniya çempionu, üç dəfə Almaniya kubokunun qalibi olub, həmçinin UEFA Çempionlar Liqası və Superkubokunu qazanıb.
Levandovski Polşa millisinin heyətində 165 oyun keçirib və 89 qol vurub. O, milli komandanın tarixinin ən yaxşı bombardiridir.