Avropanın Voleybol Konfederasiyası Natalya Məmmədovaya 28 min avro borclu olan “Omiçka” voleybol klubuna qarşı sanksiya tətbiq edib.
Oxu.Az xəbər verir ki, “Omiçka” voleybol klubunun indiyə qədər 2014-cü ilin yayında komandadan getmiş Azərbaycan yığmasının oyunçusu Natalya Məmmədovaya olan borcunu ödəməyib.
Bununla əlaqədar Beynəlxalq Voleybol Federasiyasının tribunalı hələ avqustda Omsk klubunu Məmmədovaya 28 min avro məbləğində olan borcunu sentyabrın 4-nə qədər ödəməli olduğunu bildirib. Amma tribunalın qərarı yerinə yetirilməyib.
Məsələyə Avropa Voleybol Konfederasiyası qarışaraq Konfederasiya “Omiçka”ya qarşı beynəlxalq transfer sertifikatlarının verilməsinə müddətsiz qadağa qoyub. Bununla bağlı Omsk klubuna müvafiq məktub göndərilib.
Bu məktuba əsasən, “Omiçka”ya qarşı Avropa Voleybol Konfederasiyası tərəfindən gələcək sanksiyalardan qaçmaq üçün Məmmədovaya olan borcun üç həftə ərzində ödənilməsi təklif edilir.