Türkiyədə Sultanlar Liqasındakı komandalardan biri olan "Kuzeyboru" klubunda oynayan qadın voleybolçu, 22 yaşlı Ece Hitayca uzun müddətdir sosial media üzərindən Taner K. adlı şəxsin davamlı təqibinə və rəqəmsal qısnamasına məruz qalıb.
Bu barədə Oxu.Az "Hürriyet" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, Ece Hitaycaya aludə olan Taner K. sosial mediada onların sanki münasibətdə olduqlarına dair bir təəssürat yaradıb. Taner Ece Hitaycanın sosial şəbəkə paylaşımlarını daim izləyərək hərəkətlərinə davam edib.
Taner K.-nın təqibi səbəbindən psixoloji zorakılığa məruz qaldığını iddia edən Ece Hitayca təhlükəsizliyindən narahat olduğunu əsas gətirərək qorunma tələb edib. İstanbul Ailə Məhkəməsi tələbi qəbul edərək Taner K.-nın 2 ay müddətində Ece Hitaycaya qarşı zorakılıq təhdidləri etməməsi, təhqirlər, alçaldıcı və ya gözdənsalan sözlər işlətməməsi və ya davranışlar sərgiləməməsi səbəbilə onu narahat etməməsi və yaşayış yerinə və ya iş yerinə yaxınlaşmaması barədə qərar verib.
İddiaya görə, barəsində uzaqlaşdırma qərarının olmasına baxmayaraq, Taner K. gənc voleybolçunu izləməyə davam edib. Taner K. "TikTok" tətbiqində "@tnrkrgl01" istifadəçi adı ilə hesab açıb, profil fotosu kimi də voleybolçu Ece Hitayca ilə öz adını yan-yana qoyaraq, ürək emojisi əlavə edib və bunu hər kəsə açıq şəkildə paylaşıb.
Ece Hitaycanın vəkili məhkəməyə müraciət edərək, Taner K.-nın qadağa qərarını pozaraq müvəkkilinə təzyiq göstərməyə cəhd etdiyini irəli sürüb və bu dəfə "məcburi həbs" tələb edib. Ərizədə Taner K.-nın rəqəmsal qısnama, təqib və narahatedici davranışlarını davam etdirdiyi iddia olunub və barəsində 3 gündən 10 günə qədər həbs qərarının verilməsi istənilib.