Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Türkiyə yığması ilə qarşılaşıb.
İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).
Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.
Türkiyənin voleybol millisi 1/8 final mərhələsində Azərbaycan yığması ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Sinan Erdem İdman Arenasında keçiriləcək görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00-da) start götürəcək. Oyunu Serbiya Voleybol Federasiyasından Predraq Balandziç və Yunanıstan Voleybol Federasiyasından Teodora Kiriopulu idarə edəcəklər.
Qeyd edilib ki, A qrupunda Sloveniya, Latviya, Macarıstan və Almaniya üzərində qələbə qazanan Türkiyənin qadınlardan ibarət milli voleybol komandası son matçında Polşaya 3:2 hesabı ilə məğlub olaraq qrupu ikinci pillədə başa vurub.
Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya ilə birlikdə C qrupunda mübarizə aparan Azərbaycan yığması isə keçirdiyi 5 oyundan 3-də qalib gələrək qrupu üçüncü sırada tamamlayıb.
Bu qarşılaşmada qələbə qazanan tərəf 1/4 finala vəsiqə əldə edəcək.