Məlum olduğu kimi 2014-cü ilin iyun ayının 7-də Qubada yerləşən qolf-klubda ölkəmizin tarixində ilk dəfə olaraq qolf üzrə milli turnir keçirilib.
Turnirin əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və əcnəbi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eyni zamanda ölkəmiz üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etmək idi.
Azərbaycanda ilk dəfə belə tədbirin olmasına baxmayaraq turnir yüksək səviyyədə keçirilib, bu isə xarici qonaqlar tərəfindən xüsusilə qeyd edilib.
Xüsusilə qeyd etmək lazımdır ki, turnirin keçirilməsində volontyorlar böyük kömək göstəriblər, oyunçuların ödədikləri qeydiyyat ödənişi isə hərəkət-dayaq aparatında əlilliyi olan uşaqlar üçün əlil arabalarının alınmasına sərf edilib.
Bu xeyriyyə işində əməyini əsirgəməyən “DAN” İctimai Birliyinin və “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyin könüllüləri ilk milli qolf turnirinin təşkilatında və keçirilməsində birbaşa iştirak ediblər.
“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi beynəlxalq standartlar üzrə qurulan metodologiyadan istifadə edərək Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərir və “Dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi (De- İnstitusionalizasiya) və Alternativ Qayğı”, “İnklüziv Təhsil” və “Azərbaycan Gəncliyi” Dövlət Proqramlarının icrasına öz töhfəsini verir.
Portec Proqramı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbəqədər erkən müdaxilə sistemidir. Bu, inkişafdan qalmış 0-7 yaşda olan uşaqların ehtiyaclarını qarşılamaq üçün xüsusi hazırlanmış həftəlik evə başçəkmə xidmətidir. Təlim keçmiş nəzarətçi hər həftə uşağa evdə baş çəkir və yeni bacarıqlar öyrətmək üçün fəaliyyəti planlaşdırmağa kömək edir. Valideynlər tam olaraq təlim prosesinə cəlb olunurlar.
Bu gün isə Milli Qolf Akademiyasında könüllülərə sertifikatların təntənəli təqdim etmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Qolf Federasiyasının Baş katibi Nigar Süleymanova bütün iştirakçılara göstərdikləri fəallığa görə öz minnətdarlığını bildirib və sertifikatlar təqdim olunub.
Sonda isə gənclər qolf bacarıqlarını nümayiş etdiriblər.