AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunda baş tutan qarşılaşmalardakı mübahisəli epizodlara aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, o, "Turan Tovuz" - "Sabah", "Şamaxı" - "Neftçi", "Kəpəz" - "İmişli" və "Sumqayıt" - "Şəfa" matçlarında qeydə alınan hakim qərarlarını dəyərləndirib.
Həsənov "Kəpəz" - "İmişli" görüşündə (1:0) baş hakim Elçin Məsiyevin 34-cü dəqiqədə verdiyi qərarı səhv hesab edib. Onun fikrincə, həmin epizodda "Kəpəz"in xeyrinə cərimə zərbəsi təyin etmək üçün əsas olmayıb. Bu qərardan sonra "İmişli"nin vurduğu qol qeydə alınmayıb.
AFFA rəsmisi "Sumqayıt" - "Şəfa" qarşılaşmasında (1:1) yaşanan mübahisəli vəziyyətə də münasibət bildirib.
Həmin epizodda "Sumqayıt"ın müdafiəçisi İsa Suliman top qapıçı Marko Yohanssonun nəzarətində olarkən ona əli ilə toxunub. "Şəfa" futbolçuları Nicat İsmayıllının qayda pozuntusu qeydə almamasına etiraz etsələr də, qərar dəyişməyib.
Rəhim Həsənov bu epizodda təmasın təsadüfi xarakter daşıdığını və baş hakimin düzgün qərar verdiyini bildirib.