Qətər hökuməti dünya futbolunun canlı əfsanəsi Zinəddin Zidanın 2006-cı ildə keçirilən Dünya Çempionatının finalında İtaliya millisinin futbolçusu Materazziyə atdığı kəlləni simvolizə edən heykəli küçədən yığışdırmaq barədə qərar qəbul edib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, beş metr hündürlüyündə olan heykəl ölkənin paytaxtı Dohada bir ay əvvəl açılıb və dərhal qətərlilərin narazılığına səbəb olub.
Onlar hesba edirlər ki, heykəl idman etikası və islam prinsiplərinə ziddir. İndi heykəli Müasir İncəsənət Muzeyinə aparacaqlar.
Heykəlin müəllifi, Əlcəzair mənşəli fransız heykəltəraş Abel Əbdülsəməd futbolçuları toqquşma baş verən anda təsvir edib. Həmin vaxtı Materazziyə kəllə atan Zidan bunu futbolçunun onun bacısı və anasını söyməsi ilə əlaqələndirmişdi.
Heykəl əvvəlcə Parisdə, Pompidu Mərkəzinin qarşısında quraşdırılsa da, sonradan Dohaya gətirilib – qətərli sənətşünaslar onun şəhəri bəzəyəcəyini düşünmüşdülər.
Lakin yerli sakinlər narazı qalıblar. Onların rəyinə görə, bu heykəl zövqsüz hazırlanıb. Digərləri isə hesab edirlər ki, heykəl bütpərəstlikdən başqa bir şey deyil. Ciddi müzakirələrdən sonra Doha rəhbərliyi vətəndaşları qıcıqlandırmamaq üçün heykəli götürmək qərarına gəlib.