Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri dayandırmaq barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu məlumatı sentyabrın 10-da ölkənin Xarici İşlər Nazirliyinə istinadən APS dövlət agentliyi yayıb.
"Əlaqələrin qorunub saxlanılması üçün bütün imkanlar tükəndikdən sonra Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsmək qərarına gəldi", - deyə rəsmi məlumatda qeyd olunub.
Əlcəzair hökuməti diplomatik əlaqələrin kəsilməsi ilə bağlı qərarın icrası üçün BƏƏ-nin bu ölkədəki səfirinə 48 saat vaxt verib.
Bundan əvvəl Əlcəzairin dövlət televiziyası da ikitərəfli əlaqələri qorumaq cəhdlərinin nəticəsiz qalması səbəbindən BƏƏ ilə diplomatik münasibətlərin dayandırılması qərarını açıqlamışdı.
İki ölkə arasında münasibətlər daxili işlərə qarışma və regional təhlükəsizlik məsələlərindəki fikir ayrılıqlarına görə gərginləşmişdi. 2025-ci ilin oktyabrında Prezident Əbdülməcid Təbbun Qətər, Küveyt, Oman və Səudiyyə Ərəbistanı ilə müqayisədə Körfəz ölkələrindən biri ilə əlaqələrin zəif inkişaf etdiyini bildirmiş və həmin dövləti Əlcəzairin sabitliyinə xələl gətirmək cəhdlərində günahlandırmışdı.
2026-cı il fevralın 7-də Əlcəzair 2013-cü ildə BƏƏ ilə imzalanmış hava əlaqəsi haqqında sazişin ləğvi proseduruna başlayıb. Əlcəzair tərəfi bu barədə həm Əmirlik rəsmilərini, həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatını məlumatlandırıb.