Azərbaycan Qolf Federasiyası qolfun ölkəmizdə populyarlıq qazanması istiqamətində fəaliyyətini davam etdirir.
Oxu.Az xəbər verir ki, qolf üzrə keçirilən beynəlxalq yarışlardan olan Avropa Turu çərçivəsində növbəti turnirlərə artıq Azərbaycan da ev sahibliyi edəcək.
Fevralın 15-də qolf üzrə Avropa Turunun Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Nick Tarratt Azərbaycana səfər edib.
Onun ölkəmizə səfəri çərçivəsində Azərbaycanda 2012-ci ildə yaradılmış Azərbaycan Qolf Federasiyasının fəaliyyəti, iş planı və gördüyü işləri yüksək qiymətləndirən Nick Tarratt görülən işlərdən razı qalıb.
Fevralın 16-da Quba Qolf klubu ilə tanış olan qonaq burada yaradılan şəraitdən məmnunluğunu ifadə edib.
O, xüsusilə vurğulayıb ki, Azərbaycan qısa bir müddət ərzində qolf idmanında zirvələri fəth edəcək.
Beynəlxalq Avropa Turunun rəhbərinin bu səfərinin əsas məqsədi Azərbaycan Qolf Federasiyası ilə tanışlıq və əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Fevralın 17-də Beynəlxalq Avropa Turunun rəhbəri Nick Tarratt Azərbaycan Qolf Federasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Qolf Akademiyasını ziyarət edib. Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Elnur Abdullayev Beynəlxalq Avropa Turunun rəhbəri ilə görüşüb. Görüşdə Azərbaycanda qolf idmanının inkişafı və ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycanın European Tour üçün yeni bir istiqamət kimi maraqlı və regionda analoqu olmayan mərkəzə çevrilməsi xüsusi vurğulanıb və bu məsələlər ətrafında daha geniş söhbət aparılaraq müzakirə edilib.
Nick Tarratt:
“Səfərimdə əsas məqsəd Azərbaycanın Avropa Turu çərçivəsində keçirilən yarışlara ev sahibliyi etmək imkanları ilə yerindəcə tanış olmaqdır. Ölkənizdəki qolf infrastrukturu müasir standartlara tam cavab verir.
Avropa Turunun yarış təqvimində bundan sonra artıq Azərbaycanın da adı olacaq. Bununla bağlı ikitərəfli razılaşma əldə olunub”.
Federasiyada keçirilən görüşdən sonra qonaq Milli Qolf Akademiyasının təlim meydançasında öz məharətini göstərib.
Sonda Azərbaycan Qolf Federasiyası və European Tour arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.
Aytən Sadıqzadə
www.oxu.az