"Hazırlığımızı yaxşı keçirmişik və bizi nələrin gözlədiyini bilirik".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Danimarkanın "Orhus" futbol klubunun baş məşqçisi Yakob Poulsen "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan çempionunu güclü komanda kimi tanıdıqlarını söyləyib:
"Sabah" yaxşı komandadır. Onlar yay fasiləsindən əvvəl çox uğurlu mövsüm keçirdilər. Rəqibimiz, adətən Azərbaycanın ən güclü komandası kimi tanınan və ötən mövsüm Çempionlar Liqasında çıxış edən "Qarabağ"ı qabaqlayaraq ölkə çempionluğunu qazandılar. Buna görə də sabah güclü rəqiblə qarşılaşacağıq".
Yakob Poulsen "Sabah"ın yaxşı təşkilatlanmış komanda olduğunu bildirib:
"Onların hücum xəttində sabit çıxış edən dörd futbolçu və hər fürsəti qola çevirən bir mərkəz hücumçuları var. Müdafiədə də çox sabit oynayırlar və rəqiblərə qol fürsətləri yaratmağa imkan vermirlər".
Qeyd edək ki, "Orhus" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.