Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Orxan Əliyev: "Ölkəmiz Avropa çempionatına ev sahibliyi etməyə hazırlaşır"
"Noyabr ayında Əbu-Dabidə keçiriləcək böyüklər arasında Dünya çempionatında Azərbaycan idmançıları da iştirak etmək üçün təlim-məşq toplanışlarına indidən start veriblər".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Bu gün Dünya Kikboksinq Federasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı ölkəmizi ziyarət edib. Bu da onu göstərir ki, Azərbaycan bu gün idman ölkəsidir. Azərbaycanda idmana hər zaman xüsusi diqqət var. Bizim idmanımız günü-gündən inkişaf edir. Bizi qarşıda böyük yarışlar gözləyir. Noyabr ayında Əbu-Dabidə keçiriləcək böyüklər arasında Dünya çempionatında Azərbaycan idmançıları da iştirak etmək üçün təlim məşq toplanışlarına indidən start veriblər. Bizi avqust ayında Çində Amil Quliyev təmsil edəcək. O, hazırda Tailandda təlim məşq toplanışındadır. Bir sözlə, idmançılarımız var gücü ilə çalışır ki, bayrağımızı daha da yüksəklərdə dalğalandırsınlar. Onu da qeyd edim ki, ölkəmiz 2027-ci ildə yeniyetmə və gənclər arasında kikboksinq üzrə Avropa çempionatına ev sahibliyi etməyə hazırlaşır", - deyə federasiya prezidenti bildirib.
Anar Həsənov