2026-cı il futbol üzrə dünya çempionatı zamanı Peruda yüzlərlə yeni doğulan körpə Norveç millisinin ulduzu Erlinq Holandın şərəfinə adlandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri Peru Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 468 uşağa Holand, daha 91 körpəyə isə Erlinq Holand adı verilib.
"Futbol ulduzları peruluları uşaqlarına yadda qalan və populyar adlar verməyə ruhlandırır", - deyə Peru Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Xidmətinin nümayəndəsi İvan Torres bildirib.
Holandın şərəfinə adlandırılan perulu körpələrin əksəriyyətinin doğumu dünya çempionatı başlayandan sonrakı ilk günlərdə qeydiyyata alınıb. Norveç millisinin sensasiyalı şəkildə 1/4 finala yüksəlməsindən sonra isə onların sayı kəskin artıb.
Qeyd edək ki, Holand turnirdə keçirdiyi beş oyunda yeddi qol vurub. Norveç millisi iyulun 12-də (Bakı vaxtı ilə saat 01:00-da) 1/4 final mərhələsində İngiltərə ilə qarşılaşacaq.