Azərbaycan Premyer Liqasında ilin ilk turu - XIX tur başa çatıb.
Oxu.Az-ın məlumatına görə, son olaraq lider “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə son çempion hesabına növbəti 3 xalı yazdırıb. “Qarabağ” erkən qolla hesabı açmağa müvəffəq olub. 6-cı dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. 21-ci dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Fransalı yarımmüdafiəçi 61-ci dəqiqədə dublunu rəsmiləşdirib. Qonaqların gücü buraxılan qollardan birinin əvəzini çıxmağa çatıb. 71-ci dəqiqədə Mohammed Kadiri adını tabloya yazdırıb.
Beləliklə, 3:1 hesablı qələbə qazanaraq xallarının sayını 44-ə yüksəldən “Qarabağ” liderliyini bir qədər də möhkəmlədib. Hesabında 26 xal olan “Araz-Naxçıvan” isə 6-cı pilləyə düşüb.
18:44
Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “Qəbələ” doğma meydançasında “Sumqayıt”ı qəbul edib.
Görüşün taleyini 1 qol həll edib. “Sumqayıt”ın çadlı hücumçusu Kasimir Ninqa 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı səfər qələbəsi qazandırıb.
Bunun sayəsində xallarını 30-a yüksəldən “gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 2-ci pillədəki “Zirə”yə çatıb. “Qəbələ” isə 14 xalla sonuncu yerdə qərarlaşıb.
Tura bu gün keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, turun “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçlarında hesab açılmayıb. Qərb derbisində isə “Kəpəz” “Turan Tovuz”a qalib gəlib - 2:1.
09:28
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
İlk matç Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edəcək. Meydan sahibləri 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisi isə 27 xalla dördüncüdür.
Tur “Qarabağ” - “Araz-Naxçıvan” qarşılaşması ilə başa çatacaq. “Köhlən atlar” 41 xalla liderdir. Naxçıvan klubu 26 xalla 6-cı yerdə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
3-cü dövrə, XIX tur
23 yanvar
16:30. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ”– “Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun “Sabah” - “Neftçi” və “Səbail” - “Zirə” matçlarında hesab açılmayıb. Qərb derbisində isə “Kəpəz” “Turan Tovuz”a qalib gəlib - 2:1.