Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, I Liqanın sonuncu - 27-ci turunda "Səbail"i məğlub edən "Mingəçevir" "Qəbələ"yə rəqib olub.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Mingəçevir" turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb.
"Səbail" isə mövsümü 50 xalla üçüncü pillədə başa vurub.
Beləliklə, I Liqada ikinci yeri tutan bölgə təmsilçisi Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.
Futbol üzrə Misli Premyer Liqasına gedən yolda pley-off mərhələsinin ikinci iştirakçısının adına məhz bu gün aydınlıq gələcək.
Oxu.Az xəbər verir ki, I Liqada mövsümün həlledici və sonuncu - XXVII turu çərçivəsində "Mingəçevir" öz meydanında "Səbail"i qəbul edəcək.
Futbol azarkeşlərinin maraqla gözlədiyi qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında təşkil olunacaq və saat 17:00-da start götürəcək. Bu gərgin görüşün idarəedilməsi isə təcrübəli FIFA referisi Elçin Məsiyevə həvalə olunub.
Turnir cədvəlindəki mövcud vəziyyətə əsasən, "Səbail" 50 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Onun ən yaxın izləyicisi "Mingəçevir" isə 48 xalla üçüncü pillənin sahibidir.
Xatırladaq ki, I Liqada mövsümü ikinci yerdə başa vuran komanda Misli Premyer Liqasının 11-ci pilləsində qərarlaşan "Qəbələ" ilə həlledici pley-off matçında üz-üzə gəlmək hüququ əldə edəcək.