Fransanın PSJ klubunun oyunçusu Xviça Kvaratsxeliya "Barselona" ilə matçda aldığı zədə səbəbindən doqquz ay yaşıl meydanlardan kənarda qala bilər.
Oxu.Az xəbər verir ki, bu barədə fizioterapevt Anxel Vilyanueva sosial şəbəkə hesabında paylaşım edib.
Mütəxəssis zədənin baş verdiyi epizodun videosuna əsasən belə qənaətə gəlib:
"Toqquşma zamanı ayağın sabit vəziyyətində və qapalı kinematik zəncirdə yük düşərkən sağ dizin məcburi şəkildə içəriyə doğru əyilməsi aydın görünür. Belə bir mexanizm ön çarpaz və daxili yan bağların birləşmiş zədələnməsi üçün xarakterikdir. Meydandan kənarda qalma müddəti doqquz aydır".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin dünən keçirilən oyununda PSJ öz meydanında "Barselona"nı 4:2 hesabı ilə məğlub edib. Start heyətində meydana çıxan gürcüstanlı futbolçu görüşü davam etdirə bilməyib və 59-cu dəqiqədə əvəzlənib.