Parisdə PSJ-nin prezidenti Nasser Əl-Xelaifiyə qarşı xidməti səlahiyyətlərdən qanunsuz istifadə şübhəsi ilə bağlı ilkin təhqiqat başlayıb.
Oxu.Az "FootMercato" nəşrinə istinadən xəbər verir ki, Paris Prokurorluğu "Anticor" təşkilatının müraciətindən sonra işi korrupsiyaya qarşı mübarizə üzrə maliyyə bölməsinə təhvil verib.
Təşkilat ehtimal edir ki, 2024-cü ilin yayında Əl-Xelaifi Liqa 1 matçlarının televiziya hüquqlarının satışı üzrə danışıqlar zamanı tutduğu vəzifələrdən istifadə etmiş ola bilər.
Həmin vaxt Əl-Xelaifi eyni zamanda PSJ-nin prezidenti vəzifəsini tutur, "beIN Media Group"a rəhbərlik edir və Fransa Peşəkar Futbol Liqasının (LFP) Direktorlar Şurasının tərkibinə daxil idi.
"Anticor"un prokurorluğa müraciəti hələ martın 3-də təqdim olunsa da, indi iş yeni mərhələyə keçib - Əl-Xelaifiyə qarşı ilkin təhqiqat başlayıb. Təşkilat hesab edir ki, onun tutduğu vəzifələr Fransa çempionatının televiziya hüquqlarının bölgüsü zamanı Liqanın "beIN Media Group"un xeyrinə qərarlar qəbul etməsinə təsir göstərməsinə imkan verə bilərdi.