"Qalatasaray"ın vitse-prezidenti Abdullah Kavukcu klubun İdarə Heyətinin üzvü Metin Öztürklə mübahisədən sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, klubda Metin Öztürklə Abdullah Kavukcu arasında mübahisə yaranıb.
Şifahi mübahisə zamanı tərəflərin bir-birini təhqir etdiyi də iddia olunur. Hadisədən sonra hər iki şəxs istefa vermək qərarına gəlib.
Kavukcu istefasını belə əsaslandırıb:
"Qalatasaray"a duyduğum sevgi və məsuliyyətim naminə şəxsi məsələlərin klubumuzun əmin-amanlığına, nüfuzuna və hədəflərinə ən kiçik kölgə belə salmaması üçün İdarə Heyətinin üzvü vəzifəsindən istefa vermək qərarına gəlmişəm. "Qalatasaray"a bağlılığımın hər hansı vəzifə və ya titulla məhdudlaşmadığını, bundan sonra da klubumuzun uğuru üçün əlimdən gələn hər cür töhfəni verməyə davam edəcəyimi xüsusilə vurğulamaq istəyirəm".
Qeyd edək ki, Metin Öztürk də bu gün istefa verdiyini açıqlayıb. O, qərarını oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasında baş verən hadisələrlə əlaqələndirib.
Öztürk həm "Qalatasaray"ın İdarə Heyətindəki, həm də klubun tabeliyindəki şirkətlərdəki vəzifələrindən ayrıldığını bildirib.