7 iyun 2014-cü il tarixində Azərbaycan Qolf Federasiyası tərəfindən Quba Milli Qolf Klubunda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq qolf turniri keçirilib.
Oxu.Az xəbər verir ki, turnirdə iştirak edən oyunçuların ödəniş etdiyi qeydiyyat haqları xeyriyyə məqsədi üçün nəzərdə tutulub. Belə ki, əldə olunan bu gəlir əlilliyi olan uşaqlara əlil arabalarının alınması üçün nəzərdə tutulub.
Bu turnirə eyni zamanda könüllü kimi “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin 35 üzvü cəlb olunub. “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə əməkdaşlığı sayəsində bu xeyriyyə aksiyası həyata keçirilərək ehtiyacı olan əlillərə əlil arabaları alınıb.
Belə ki, Azərbaycan Qolf Federasiyası tərəfindən keçirilən turnirdən əldə olunmuş vəsaitlər əlilliyi olan uşaq və gənclər üçün 35 əlil arabasının alınmasına sərf edilib.
Alınmış əlil arabalarının bir qismi (8 ədəd) 21.08.2014-cü il tarixində saat 15.00-da Zərifə Əliyeva küç., 32 ünvanında yerləşən “Dan” BGİB-nin ofisində Azərbaycan Qolf Federasiyası əməkdaşlarının iştirakı ilə əlilliyi olan gənclərə təqdim olundu.
Tədbiri giriş sözü ilə açan “Dan” BGİB-nin rəhbəri Gülarə Teymurova Azərbaycan Qolf Federasiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirdi. Bu layihənin həyata keçirilməsi üçün ilkin anlardan başlayaraq bugünkü günə qədər bütün məlumatları təfərrüatı ilə təqdim etdi.
Qeyd olundu ki, Azərbaycan Qolf Federasiyasının bu tədbirdə iştirak etməsinə səbəb əlillərin sosial və psixoloji problemlərinin həllinə dəstək olmaq, onların inkişafına təkan vermək və fəal ictimai həyata cəlb edərək Azərbaycanın layiqli vətəndaşı kimi böyümələrinə nail olmaqdır.
Daha sonra arabalar təqdim olundu. Təqdimatdan sonra bütün əlillər adından Azərbaycan Qolf Federasiyasına, şəxsən onun prezidenti Anar Məmmədova dərin minnətdarlıq bildirildi.
Qeyd edək ki, yerdə qalan hissə bölgələrdə (Quba, Xızı, Siyəzən, Şabran) yaşayan əlilliyi olan uşaq və gənclərə paylanacaq.
Nüsrət Abdullayev
www.oxu.az