"Zədə problemi ilə tez-tez qarşılaşırıq".
Oxu.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Torpedo" (Gürcüstan) oyunu öncəsi baş tutan mətbuat konfransında təmsilçimizin baş məşqçisi Rəşad Sadıqov deyib.
O bildirib ki, zədələr futbolun ayrılmaz hissəsidir:
"Sadəcə, bizdə tez-tez olur. Buna uyğunlaşmaq çətindir. Hansısa həmlə etmək üçün vaxt azalır.
Yeni transfer Maykonun zədələnməsi təbii ki, bizi narahat edir. Amma bizim Aydın Bayramov kimi təcrübəli qapıçımız da var. İnanıram ki, Aydın onun yoxluğunu hiss etdirməyəcək".
"Avrokuboklara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Tələsərək seleksiya etmək istəmədik. 5-6 transfer hələlik açıqdır. Bizi ağır mövsüm gözləyir. Rəqiblər güclü olacaq. Bütün məqamları futbolçularla danışmışıq. Rəqibimizdə çempionat davam edir və bu oyuna tam hazırlıq keçmiş formada çıxacaqlar".
Qeyd edək ki, iyulun 8-i Sumqayıt şəhər stadionunda keçiriləcək "Zirə" - "Torpedo" (Gürcüstan) matçı saat 20:00-da start götürəcək.