AFFA prezidenti Rövnəq Abdullayev UEFA Çempionlar Liqasının ikinci təsnifat raundunda “Qarabağ”ın “Valetta” üzərində (4:0) qələbəsini şərh edib.
Oxu.Az Sportbox.az-a istinadən xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev bildirib:
“İnanıram ki, “Qarabağ”ın qələbəsindən sonra digər klublar da növbəti raunda çıxacaqlar. Növbəti raundda “Qarabağ”ın rəqibi “Zalsburq” olacaq. Avstriya klubu çox güclüdür, onunla keçirilən matç çətin olacaq. Yaxşı hazırlaşıb qalib gəlmək lazımdır.
Oyundan öncə futbolçulara sabah Ağdamın işğal edildiyi günün olduğunu xatırlatdım. Bu qələbə ağdamlılar üçün kiçik də olsa təsəllidir.
Mən, tribunaları final fitindən öncə tərk edən azarkeşlərdən narazı qaldım. Stadionu oyun zamanı necə tərk etmək olar, həm də sənin komandan belə hesabla qalib gəldiyi zaman? Bu, “Qarabağ”a qarşı hörmətsizlikdir”.