"Tvente"nin baş məşqçisi Con van den Brom "Qarabağ"a məğlubiyyətdən sonra komandasının bəzi futbolçularının gözlənilən səviyyədə çıxış etmədiyini bildirib.
Oxu.Az xəbər verir ki, niderlandlı mütəxəssis UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 0:1 hesablı məğlubiyyəti şərh edib.
* Qurban Qurbanovdan "Tvente" üzərində qələbədən sonra ilk AÇIQLAMA
Van den Brom cavab qarşılaşmasında daha yaxşı oyun göstərə biləcəklərinə inandığını deyib:
"Bu mərhələdə yaxşı rəqiblərlə qarşılaşırsınız və bunun üçün sizin də yaxşı olmağınız lazımdır. Bu gün bəzi futbolçularımız öz səviyyələrində çıxış etmədilər. Amma cavab oyunu ilə bağlı ümidliyəm. Çünki daha yaxşı oynaya bilərik".
Baş məşqçi "Qarabağ"ın güclü komanda olduğunu da vurğulayıb:
"Onların keyfiyyətlərini gördük. "Qarabağ" yaxşı kollektivdir. Amma düşünürəm ki, biz daha yaxşı oynaya bilərdik".
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.