Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Uşaqları təhqirlə “motivasiya” etmək olmaz” - Məşqçi ilə MÜSAHİBƏ + FOTO
“Məşqçi olmaq üçün idmançı olmaq yox, metodikanı, uşaq psixologiyasını bilmək önəmlidir. Eyni hərəkəti bir uşağa hansı səbir və təmkinlə izah edirsənsə, digər beş uşağa da eyni qaydada izah etməlisən”.
Bunu Oxu.Az-a müsahibəsində gimnastika üzrə məşqçi Siyasət Əmiraslanova deyib. Məşqçi uşaqlarla təmrinlər zamanı davranış qaydaları, icazə verilən və verilməyən hərəkətlər və digər məsələlər barədə suallarımızı cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- Son vaxtlar məşqçilərin uşaqlara qarşı səbirsiz davrandıqları iddia olunur. Bəziləri də deyirlər ki, bu hər zaman belə olub. Bəs sizin fikrinizcə, iş necə qurulmalıdır?
- Xeyr, uşaqlarla səbirsiz davranmaq olmaz. Mən özüm bu idman növü ilə məşğul olmuşam və bilirəm ki, nəyi necə öyrətmək lazımdır. Çünki beş yaşımda bədii gimnastikaya başlayanda mən də heç nə bilmirdim. Məşqçimiz mənə də, digər tələbələrinə də hərəkətləri səbirlə izah edirdi. Hər uşağın bədən quruluşu, idmana adaptasiyası eyni cür ola bilməz.
Elə hərəkətlər var ki, uşaqlar onu bir aya, elə hərəkətlər də var ki, bir neçə aya öyrənirlər. Hər bir uşaqla iş fərdi olur.
- Yəqin, Sumqayıtda idman zalında məşqçinin yeddi yaşlı uşağa qarşı kobud davranışının ölümlə nəticələndiyindən xəbərdarsınız...
- Bilirsiniz, məşqçi olmaq üçün idmançı olmaq yox, metodikanı, uşaq psixologiyasını bilmək önəmlidir. Eyni hərəkəti bir uşağa hansı səbir və təmkinlə izah edirsənsə, digər beş uşağa da eyni qaydada izah etməlisən. Uşaqlara qışqırmaq, onları vurmaq olmaz.
Əgər uşaq hansısa hərəkəti yerinə yetirə bilmirsə, biz o anda onu həmin hərəkətə görə məcbur etmirik. Tam başqa hərəkətləri məşq edirik. Bir neçə hərəkəti etdikdən sonra yenidən uşağa çətin gələn hərəkətə qayıdırıq. Bir dəfə, beş dəfə, 10 dəfə - nə qədər lazımdırsa, uşaqla həmin hərəkəti təkrarlayırıq. Nə zaman ki uşaq həmin hərəkəti tam rahat edə bildi, ona motivasiya veririk və iradəli, əzmli çalışdığı üçün təqdir edirik.
- Motivasiya dedikdə tam olaraq nəyi nəzərdə tutursunuz? Sırf rəqabət mühiti yaradırsınız? Bəzi məşqçilər bunun üçün hətta təhqirdən də çəkinmirlər.
- Xeyr, qətiyyən. Biz uşaqlara “sən bunu bacararsan”, “həvəsdən düşmə, yenidən cəhd elə” deyirik. Uşaqları təhqir etmək, onları bir-biri ilə mübahisə edəcək formada “motivasiya” etmək olmaz. Hər uşaq fərqlidir. Biz uşaqları kəşf etdiyimiz kimi, onlar da məşq zamanı öz bədənlərinin elastikliyini kəşf edirlər.
Uşaqlardan çox şey asılıdır. Elə tələbələrimiz var ki, onların bədəni çox elastikdir və çox çətin elementləri qısa zamanda öyrənirlər. Elə uşaqlar da var ki, onlar ilkin mərhələdə olan sadə elementləri belə, etməkdə çətinlik çəkirlər.
- Hansı yaş aralığında uşaqlar qəbul edilirlər?
- Dörd yaşlı uşaqlar da qəbul edirik. Sadəcə, həmin yaş dövründə uşaqlar buna oyun kimi baxırlar. Biz onlarla bədənin açılışması üçün hərəkətləri edirik. Daha çox isinmə hərəkətləri və bir neçə sadə gimnastika hərəkətləri.
Artıq beş yaş və daha yuxarı yaşlarda uşaqlara isə bədii gimnastika proqramı üzrə məşqlər keçirilir. Məşqlər həftəiçi və iki növbə üzrə həyata keçirilir. Eləcə də biz çalışırıq ki, uşaqlar dərslərdən yorulmasınlar. Valideynlərin istəyi ilə başlasalar da, öz maraqları, istəkləri ilə davam etsinlər. Çünki bu, uğura aparan yeganə yoldur.
- Azyaşlı tələbələri məşq zamanı özbaşına buraxmaq olar?
- Qətiyyən. Nəinki azyaşlı qrupları, heç bir qrupu nəzarətsiz qoymaq olmaz. Heç vaxt ola bilməz ki, uşaqlar hərəkətləri təkbaşına etsinlər. Məşq zallarında divarlarda dayaqlar var. Onlardan istifadə edilir. Məşqçilər özləri hərəkətlərin icrası zamanı uşaqların yanında olurlar. Bədəndə hansısa zədələnmə olmasın deyə nəzarət önəmlidir. Bu həm beş yaşlı, həm də digər yaş qrupunda olan uşaqlara aiddir. Heç bir peşəkar məşqçi uşaqları dərs zamanı özbaşına buraxa bilməz.
- Riskli hərəkətlər çoxdurmu?
- Bir çox hərəkətlər düzgün texnika ilə edilməzsə, çətinlik yarada bilər. Bu istənilən idman növündə belədir. Hər hərəkətin özünün texnikası var.
- Siz bədii gimnastika ilə məşğul olduğunuz dövrdə xəsarət almısınızmı?
- Xeyr, mən heç bir ciddi zədə almamışam. Beynəlxalq yarışlarda iştirak etdiyim iki beynəlxalq turnir olub. Bu turnirlərdə bir neçə dəfə ilk “üçlük”də yer tutmuşam. Digər yarışlarda da mükafatçılar sırasında olmuşam.
- Bu balacalar yarışlara qatılıblar?
- Bu və digər qruplarımız var ki, bəli, yarışlara qatılıblar. Onlar 13 medal qazanıblar. Biz ümumi məşqlər zamanı uşaqlar arasında xüsusi istedadlıları seçirik.
Sırf qısa zamanda baş tutacaq yarışlar üçün həmin uşaqlar üzərində çalışırıq. Onları hər gün motivasiya edirik. Hərdən uşaqlar özlərini çox rahat buraxanda toparlanmaları üçün səsimizi yüksəldə bilərik. Amma vurmaq, təhqir etmək, uşağın həvəsini öldürəcək hər hansı davranışlara yol vermək olmaz.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər