Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
Pərviz Heydərov yazır...
Ölkədə bir sıra kommunal xidmətlər üzrə tariflərə son dəyişikliklər heç vaxt bu həddə aşağı və ehtiyatlı şəkildə həyata keçirilməyib. Bu, həm yeni, yəni 2019-cu ildən bəri sayca 5-ci sosial paketin həyata keçirilməsinə start verilməsiylə eyni vaxta düşməsi baxımından, həm də hökumətin və dövlətin sözügedən sahədə həmişə əhalinin iqtisadi maraqlarını nəzərə alması sarıdan izah olunur.
Əks halda, 1 kubmetr təbii qaz üzrə tarif səviyyəsi əhalinin 48%-i üçün cəmi 0.5 qəpik (4.2%), 1 kilovat-saat elektrik enerjisi üzrə isə əhalinin 65%-i üçün 0.4 qəpik (5%) artırılmazdı. İstehlak qiymətlərinə ciddi təsir yaranmaması üçünsə, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovat-saat elektrik enerjisinin tarifi 0.6 qəpik (6%) artırılaraq 10.6 qəpik müəyyən edilməzdi.
Yalnız "Azəristiliktəchizat" ASC tərəfindən əhaliyə göstərilən istilik xidməti üzrə tarif sayğac quraşdırılmadığı halda aylıq 1 m² üçün iki dəfə, yəni 15 qəpikdən 30 qəpik səviyyəsinə qaldırılıb ki, bu, ən yüksək artım sayılır. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14.6 manat müəyyənləşdirilib.
Məsələ bundadır ki, burada mənfi dəyərləndirilməli olan iki mühüm cəhət var. Təbii ki, bu, subyektiv fikrimdir. Əvvəla, Tarif Şurası hər dəfə xüsusən, kommunal xidmətlər üzrə qiymətlərə dəyişikliklər etdikdə, bir çoxları bunu narazılıqla qarşılayır. Halbuki qeyd olunan addım, ən tezi 4-5 ildən bir edilir. Bundan tez tarif dəyişikliyi edilmir. Məsələn, elektrik enerjisi üzrə tariflərin tənzimlənməsinə dair qərar sonuncu dəfə 16 oktyabr 2021-ci il tarixdə qəbul edilmişdi.
Təbii qaz üzrə də həmçinin.
"Azəristiliktəchizat" ASC tərəfindən göstərilən xidmət tariflərinin tənzimlənməsi barədə sonuncu qərarsa 2011-ci il 24 noyabr tarixdə qəbul olunmuşdu.
Qeyd olunan vaxtdan 3 ildən çox vaxt keçib. Bu müddətdə, 2019-dan bəri minimum aylıq əməkhaqqı 2.7 dəfə artaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya məbləği isə 2.5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Ölkə üzrə orta aylıq nominal əməkhaqqı göstəricisində isə 70%-dən çox, median əməkhaqqında 2.1, əməkhaqqı fondunda 2.5, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə isə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2.9 dəfə artım əldə olunub.
Bundan əlavə, qeyd olunan müddətdə müvafiq qanunvericilik tələbindən irəli gələn və hər hansı bir sosial islahat paketə daxil olmayan pensiyaların indeksləşdirilməsi, yəni, hər il əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalarına əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun hesablanması addımı atılıb ki, bütün bunlar da sosial müdafiə əhəmiyyətli xarakter daşıyıb.
Sual olunur, bütün bunların müqabilində məgər kommunal xidmət tarifləri artırıla bilməzmi?
Vətəndaşlarımızın bir çoxu elə düşünürlər ki, hər şeyin qiyməti dəyişə bilər, amma kommunal xidmətlər yox. Bu, düzgün yanaşma deyil. Ən azı, istehlak bazarında qiymət artımlarını nəzərə almaq kifayətdir. O baxımdan ki, 2022-ci il ərzində ölkəmizdə inflyasiya ikirəqəmli səviyyədə - 13.9% qeydə alınmışdı. Həmin ildə isə kommunal xidmət tarifləri dəyişdirilmədi və artırılmadı.
Ümumiyyətlə, kommunal xidmət tarifləri həddi istehlak qiymətləri indeksinə ciddi təsir etmir. Ölkədə inflyasiyaya əsas təsir və təzyiq amilləri kənar vasitələr sayılır ki, hətta maaş və pensiya artımları da ciddi təsir və təzyiq vasitəsi hesab edilmir. Qəribədir, o biri tərəfdən isə keyfiyyətli kommunal xidmətləri axtarırıq. İnflyasiyanı yaradansa daxili bazarımızın idxaldan asılı olmasıdır. Yəni daxili tələbat idxal məhsullarsız keçinə bilmir.
Digər bir cəhətsə ondan ibarətdir ki, Tarif Şurası tərəfindən bu cür qiymət artımı siyasəti və davranışı ilə kommunal xidmətlər üzrə keyfiyyət göstəricisini yaxşılaşdırmaq mümkün deyil. Ümumiyyətlə, qəpiklərlə artım sayəsində bu sahədə heç bir irəliləyiş əldə etmək olmaz. Qeyd olunan sektora investisiya lazımdır. Bundan ötrü kommunal xidmətlər göstərən sahələr özəlləşdirilməlidir, başqa yolla hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Dövlət və hökumət qeyd olunan sahələrin idarə olunmasından yaxasını qurtarmalıdır.
Yeri gəlmişkən, sözügedən son tarif dəyişikliklərinin özündə müəyyən çatışmazlıq var. Məsələn, təbii qaz sarıdan əhali üzrə illik istehlak həcmi:
- 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0.5 qəpik (yarım qəpik, 4.2%) artırılaraq 12 qəpikdən 12.5 qəpik həddində;
- 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
- 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1.3 qəpik (8.7%) artırılıb deyilir.
Nəzərə alınmır ki, ucqar dağ rayonları üzrə kəndlərdə, eləcə də Bakı və Sumqayıt, o cümlədən digər sənaye şəhərlərində yaşayan istiliklə təchiz olunmayan və müvafiq istilik əldə edə bilməyən yüzlərlə vətəndaşlarımız təbii qaz istehlakı sahəsində hər il 2 500 kubmetrdən çox olan hissəni fevralın əvvəlindən keçərək əslində, böyük villa-malikanə sahiblərindən daha öncə və daha çox vəsait ödəmək məcburiyyəti qarşısında qalırlar.
Odur ki, tarif dəyişikliyindən sonra əhali abonentlərinin ortaaylıq xərcinin 48% abonent üzrə 32 qəpik, 39% abonent üzrə 1 manat 43 qəpik,13% abonent (daha çox istehlak edən) üzrə 7 manat 46 qəpik təşkil edəcəyi düzgün hesablanma deyil.
Elektrik enerjisi istehlakı sarıdan da vəziyyət eynidir...