Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

D.Tramp siyasəti Azərbaycan iqtisadiyyatı üçün hansı təhdidlər formalaşdırır?
Pərviz Heydərov yazır...
Ötən şərhlərimdən birində qeyd etmişdim ki, ABŞ-nin yeni liderinin siyasəti nəticəsində xüsusən iki cəhət özünü ciddi şəkildə büruzə verə bilər. Bunlardan birincisi, dolların bahalaşmasıdır, ikincisi isə neftin ucuzlaşması. Hər ikisi inflyasiya təsirlidir.
Birincisi Donald Tramp Ağ Evdə hələ fəaliyyətə başlamamışdan öncə də özünü göstərməyə başladı. İkincisi isə neftin ucuzlaşması faktoru ölkəmiz üçün həmişə ciddi təhdid və təhlükə xarakterli hadisə sayılıb ki, deyəsən artıq, bu da, gerçəkləşməyə doğru start götürüb.
Belə ki, OPEC+ ölkələri apreldən neft hasilatını artırmaq üzrə nəzərdə tutulan planı icra etmək qərarına gəliblər ki, bu da qiymətləri endirəcək. Xatırladım ki, D.Tramp hələ birinci, yəni 2017-2021-ci illərdə prezidentliyi dövründə də Səudiyyə Ərəbistanını neftin qiymətini artırmaqda ittiham edirdi. Ona görə ki, adıçəkilən ölkə qurumda əsas söz sahibi sayılır. D.Tramp o vaxt da bəyan etmişdi ki, neft 50 dollardan aşağı olmalıdır.
Qiymətlərin 50 dollardan aşağı düşəcəyi haqda danışmaq hələ tez olsa da, OPEC+ tərəfindən açıqlanan qərardan dərhal sonra neft 70 ABŞ dollarının üzərinə düşdü. Bu, ötən ilin dekabrından sonra ən aşağı qiymət səviyyəsidir. Əlbəttə, bunda digər səbəblər də var. ABŞ-nin Kanada, Meksika və Çinə qarşı yeni rüsumlar tətbiq etməsi və s.
Yəni, neftin bundan sonra mərhələli olaraq ucuzlaşması prosesi qaçılmaz gözlənilir. Bu isə ən azı dövlət büdcəmizdə neftin bir barelini 70 ABŞ dollarından götürməyimiz baxımından bizə sərfəli deyil.
Lakin, təkcə bu deyil. Dünya bazarlarında neftin ucuzlaşacağı təqdirdə yanacaq və buna uyğun olaraq logistik xərclərin də nisbətən azalacağına baxmayaraq, aparıcı ölkələrin qarşılıqlı rüsum tətbiq etmələri səbəbindən ciddi bahalaşma təhlükəsi də gözlənilir. Bizdə isə inflyasiya hələ yenicə səngimiş sayılırdı.
Bir sözlə, neftin ucuzlaşacağı və ümumən qiymətlərin bahalaşacağı, yəni kəskin inflyasiya dalğalanmalarının ortaya çıxacağı kimi amillər və yaxud gözləntilər üzündən ölkəmiz üçün artıq, ilk üç ayını başa vurmaq üzrə olduğumuz cari ilin qalan dövrü ərzində müəyyən təhdidlər formalaşır.
Özü də bu, elə bir vaxta düşür ki, həm dövlət büdcəmiz üzrə xərclər geniş xarakter daşıyır, həm də qeyri-neft-qaz sektoru real olaraq əvvəlkindən daha çox dəstək gözləyir.
Yeri gəlmişkən, cari ilin başlanğıc ayı ərzində iqtisadi artım üzrə göstəricimiz də zəif - 0.9% qeydə alınmaqla bərabər, inflyasiya da nisbətən yüksək - 5.4% əldə olunub.
Doğrudur, ÜDM istehsalında azalmanın müvəqqəti xarakter daşıdığını və ilin birinci rübü ərzində vəziyyətin çox güman, dəyişəcəyini yazmışdım.
Yəni, qeyd olunan göstəricinin artacağını qeyd etmişdim.
Lakin əlavə etmişdim ki, ölkədə neft hasilatında enmə var və neftin qiyməti əvvəlki səviyyədə deyil və olmayacaq da... Qazla bağlı vəziyyət isə stabil xarakter daşımır.
Azərbaycanda isə ÜDM-in həcmi bunlara bağlı olduğundan, üstəlik, qiymətin də enməyə başlaması faktoru təbii ki, ciddi narahatlıq doğurur.
Xatırladım ki, ölkədə bu il ÜDM-in real ifadədə 3.5% artaraq 129.2 milyard manat olacağı gözlənilir. Bu zaman, qeyri-neft-qaz sektorunun real ifadədə 4.9% artaraq 92.2 milyard manat təşkil etməklə ÜDM-in tərkibində 71.3%-ə çatacağı, neft-qaz sektorunun isə real ifadədə 0.5% artacağı proqnoz edilib.
Orta illik inflyasiya göstəricisi isə 2025-ci ildə 4.6% proqnozlaşdırılıb ki, ümumiyyətlə, İqtisadiyyat Nazirliyinin baza ssenarisinə görə, 2025-ci ildə sözügedən göstəricisi 4.6% təşkil etməklə 2026-2028-ci illərdə 3.9% səviyyəsində olmalıdır.
Ancaq bəri başdan qeyd edim ki, inflyasiya çox güman 10%-ə yaxın təşkil edəcək. O səbəbdən ki, bunu həm daxili, həm də xarici təsirlər şərtləndirəcək.
Daxili təsirlər sırasında isə cari il ərzində əhalinin gəlirlərinin artması kimi cəhətlər dolayı yer ala bilər ki, həmçinin, yerli istehsalı genişləndirmək cəhdlərinin də bunda müəyyən rol oynayacağı real sayılır. Çünki, qeyri-neft-qaz sektorunun inkişafı qiymətləri həmişə "oyadan faktor" rolunda çıxış edib və edir...
Lakin...
Yanvarda ÜDM-in enməsi fonunda inflyasiyanın 5.4%-ə yüksəlməsi ciddi faktor hesab edilir və edilməlidir də... Yəni, iqtisadi artım azalıb, inflyasiya isə yüksəlib. Demək, istehlak qiymətləri indeksinə xarici təsirlərin, başqa sözlə desəm, idxal inflyasiyanın mühüm rolu var ki, problem də bax, məhz bunda sayılır.
Çıxış yolu nədir və yaxud nədədir?
Hesab edirəm, daxili istehsal getdikcə daha çox xarici istehsal komponentlərindən qorunmalı, ümumiyyətlə, yerli istehsal sırf daxili xammal məhsulu ehtiyatları hesabına təşkil olunmalıdır.
Bunun üçünsə tədarükçü-istehsalçı əlaqələrini inkişaf etdirməli, yeni texnologiyalar tətbiq etməli və xammala tələbat sırf yerli imkanlar hesabına təmin edilməlidir. Başqa sözlə, yerli istehsal xarici istehsal elementlərindən birdəfəlik yaxa qurtarmalıdır.
Sual edirəm, yerli istehsal niyə baha başa gəlir? Çünki idxal komponentlərsiz keçinmək mümkün deyil. Odur ki, ilk növbədə məhz bunun qarşısı alınmalı, idxalda şəffaflığı təmin etmək üçün inhisarçılıq tamamilə aradan qaldırılmalıdır.
Daxili bazar azad rəqabət şəraitində təşkil olunmalıdır ki, yerli istehsal da inkişaf edə bilsin.
Bəli, neftin qiyməti yuxarıda qeyd etdiklərimə əsasən, azalacağı təqdirdə daxili bazarda qiymətlərə təzyiqlər istər-istəməz daha çox artacaq. Yəni, idxal inflyasiyasının təsir gücü genişlənəcək. Odur ki, ilin ortasında neftin dövlət büdcəmizdə fiksəolunan qiyməti aşağı salınmalıdır.
Digər zəruri olan tədbir və yaxud addımlarsa qeyri-neft-qaz sektorunun inkişafına dəstəyi artırmaqdan ibarət sayılır. Bu baxımdan, bəlkə, biz də D.Trampın siyasətinə uyğun olaraq müəyyən sahələrdə idxalı məhdudlaşdırmalıyıq ki, yerli istehsal inkişaf etsin.
"Pərviz Heydərov" teqi üzrə xəbərlər
- Problem qiymətdə deyil, işin təşkilindədir
- Pensiya kapitalından istifadə hansı imtiyazlara yol aça bilər?
- İqtisadi artım azalıb, xarici ticarətsə artıb: Nəyin üzərində köklənməliyik?
- Maliyyədə şəffaflıq: Yeni nazir buna nail ola biləcəkmi?
- Trampın siyasəti qlobal ticarət müharibəsinə səbəb ola bilərmi?