Romada "Masters" seriyalı turnirə yekun vurulub. Torpaq kortlarda mövsümün son "Masters" (ATP-1000) turnirinin finalında Yannik Sinnerlə Karlos Alkaras qarşılaşıb.
Oxu.Az xəbər verir ki, ilk setdə tərəflər breyk edə bilmədiyindən qalib tay-breykdə məlum olub. Alkaras burada italyan tennisçidən daha bəxtli olub - 7:6 (7:4).
İkinci setdə isə ispan tennisçi rəqibini darmadağın edib. İlk 5 qeymi qazanan Karlitos seti də qələbə ilə başa vurub - 6:1.
Beləliklə də, Sinnerin 228 günlük və 26 oyunluq qələbə seriyası bitib. Maraqlıdır ki, tennisçilərin son 4 qarşılaşmasının hamısında ispan idmançı qalib olub.